Sabirabad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində mini-futbol turnirinin açılış mərasimi keçirilib
Sabirabad rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində təşkil olunan mini-futbol turnirinin rəsmi açılış mərasimi keçirilib.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş müqəddəs şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan olunub, ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin birinci müavini Həsən Həsənov idmanın və fiziki tərbiyənin gənclərin sağlam ruhda böyüməsindəki müstəsna rolunu vurğulayıb. O, rayonda idman infrastrukturunun yenilənməsinin və şəhərsalma layihələrinin tərkib hissəsi kimi yeni idman meydançalarının istifadəyə verilməsinin vacibliyini diqqətə çatdırıb. H. Həsənov “Memarlıq və şəhərsalma ili” çərçivəsində keçirilən bu cür turnirlərin həm sağlam həyat tərzini təşviq etdiyini, həm də gənclər arasında həmrəyliyi möhkəmləndirdiyini bildirərək bütün komandalara uğurlar arzulayıb.
Daha sonra YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov çıxış edərək dövlətimizin idmana və gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs edib. O, ölkəmizin hər bir bölgəsində olduğu kimi Sabirabadda da gənclərin asudə vaxtının səmərəli təşkili üçün geniş şəraitin yaradıldığını vurğulayıb. V. Rüstəmov bu cür idman yarışlarının idmançılar arasında dostluq və ədalətli oyun prinsipini inkişaf etdirdiyini qeyd edərək turnirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü bildirib.
Tədbirdə çıxış edən digər natiqlər rayonun sosial həyatında və şəhərsalma mühitində idman qurğularının xüsusi yer tutduğunu bildiriblər. Çıxışçılar turnirin gənclər arasında mini-futbola olan marağı daha da artıracağını diqqətə çatdırıblar. Onlar, həmçinin bu təşəbbüsün rayon idmanının inkişafına və gənc nəslin fiziki sağlamlığına töhfə verəcəyinə əminliklərini ifadə ediblər.
Açılış mərasimindən sonra turnirin ilk oyunlarına start verilib.







