Sabirabad rayonunda “Sabirabad Şəhidləri” və “Zəfər Nəğmələri” kitablarının təqdimatı keçirilib
Sabirabad rayon Mədəniyyət Mərkəzində şair-publisist, Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü və Beynəlxalq Rəsul Rza Mükafatı Laureatı Şahnaz Şahinin Vətən Müharibəsində şəhidlik məqamına yüksələn sabirabadlı oğulların əziz xatirəsinə həsr etdiyi “Sabirabad Şəhidləri” və 44 günlük müharibənin qələbəsinə həsr etdiyi “Zəfər Nəğmələri” kitablarının təqdimat mərasimi təşkil olunmuşdur.
Təqdimat mərasimi Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi, Sabirabad Regional Mədəniyyət İdarəsinin və Sabirabad rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilmişdir.
Regionda mədəniyyətin qorunması və təbliği, həmçinin yaratdıqları ədəbi-bədii nümunələrlə mədəniyyətin inkişafına xidmət edən yaradıcı insanların dəstəklənməsi məqsədilə keçirilən tədbirdə Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Regional Mədəniyyət İdarəsinin rəisi Fərid Qurbanzadə, Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Azərbaycan Yazıçılar Birliyinin Benəlxalq əlaqələr üzrə katibi, şair-tərcüməçi Səlim Babullaoğlu, Azərbaycan Yazıçılar Birliyi sədrinin xaricdə yaşayan azərbaycanlılarla iş üzrə müşaviri, şair-yazıçı Sayman Aruz, eləcə də digər yaradıcı şəxslər, şəhid ailələri və qazilər, müxtəlif dövlət qurumlarının əməkdaşları, mədəniyyət işçiləri, həmçinin rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Tədbirdə çıxış edənlər şəhidlərimizin adlarının yaşadılması, gənc nəslin qəhrəmanlarımızın həyatından örnək götürmələri məqsədilə şair-publisist Şahnaz Şahinin bu mövzuda kitab yazmasının nümunəvi addım olduğunu vurğulamış, Vətən Müharibəsində qazanılan tarixi qələbəmizin bədii ədəbiyyatda vəsf olunmasının, şəhidlik zirvəsinə ucalan qəhrəmanların kitablar vasitəsilə cəmiyyətdə daha geniş təbliğ olunmasının vacib əhəmiyyətindən söz açmışlar.
Daha sonra müəllif Şahnaz Şahin çıxış edərək, hər iki kitab haqqında iştirakçılara ətraflı məlumat vermişdir.
Sonda xatirə şəkli çəkilmişdir.