Sabirabad rayonunda “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda təlim təşkil olunub
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə birgə əməkdaşlıq çərçivəsində Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” mövzusunda gənclər üçün təlim keçirilib. Təlim “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı”na uyğun olaraq baş tutub.
Tədbirdə Sabirabad rayon icra hiakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin əməkdaşları, Rayon İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu, Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodistləri, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru və əməkdaşları, Rayon Mərkəzi Xəstəxanasının həkim-ginekoloqu, Sabirabad Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşı və gənc könüllülər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad rayon icra hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirakçıları salamlayaraq, mövzunun əhəmiyyətindən bəhs edib.
Sonra Sabirabad RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova Komitə tərəfindən keçirilən maarifləndirmə tədbirləri haqqında məlumat verərək, belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. O, ölkənin inkişafında gənclərin sağlam ruhda formalaşdırılmasının əhəmiyyətini xüsusi qeyd edib. Bununla yanaşı, Sabirabad rayon icra hakimiyyətinin başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Ceyran Xəlilova “Erkən nikahlar” mövzusunda təqdimatla çıxış edərək tədbir iştirakçılarına müvafiq sahədə maarifləndirici məlumatları diqqətə çatdırıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin müdir müavini Kamilə Əliyeva Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq sağlam həyat tərzi, reproduktiv sağlamlıq, erkən nikah, nikahdan əvvəl tibbi müayinənin təbliği, ailə planlaşdırılması, uşaqların ana südü ilə qidalanması, qeyri-infeksion xəstəliklərin profilaktikası, talassemiya ilə mübarizə və ziyanlı vərdişlərin yaratdığı fəsadlar və digər mövzularda maarifləndirici layihələrin həyata keçirildiyini vurğulayıb.
Daha sonra Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin həkim-metodist Zümrüd Kazımova “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması” adlı təqdimatında yeniyetməlik dövründə reproduktiv sağlamlıq, fərdi gigiyena qaydaları, zərərli vərdişlər haqqında məlumat verib.
Sonda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Hər damlasında sevgi”, “Valideyn qayğısı - uşaqların təhlükəsizliyi”, “Narkotiklər yoxsa həyat” və “18 yaşadək evlilik - uşaq evliliyidir!” adlı bukletlər, flayer və yaddaş vərəqələri paylanıb.
Tədbir çərçivəsində “Ürəyinin səsini dinlə” adlı videoçarx nümayiş etdirilib.