Sabirabad rayonunda region gənclərinin iştirakı ilə həyata keçirilən "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı üçgünlük seminar keçirilmişdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 14-16 noyabr tarixlərində Sabirabad rayonunda gənclər üçün Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə təşkil olunan "Ulu Öndər: Dəyərlərimizin xilaskarı" adlı layihəsi çərçivəsində seminar keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mənəvi Dəyərlərin Təbliği Fondunun şöbə müdiri Rəşid Paşalı, Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov, Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev üçgünlük seminarın mövzusu və əhəmiyyəti baradə məruzələrlə çıxış ediblər.
Seminarda Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərovun "Müasir dünyada ənənə və gənclik" adlı mühazirəsi dinlənilib. Mövzu ilə bağlı gənclərin sualları cavablandırılıb.
Qeyd edək ki, gənclər arasında milli-mənəvi dəyərlərimizin, Azərbaycançılıq məfkurəsinin və Heydər Əliyev irsinin təbliği, onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi məqsədilə həyata keçirilən üçgünlük tədbirdə Sabirabad rayonu ilə yanaşı, Şirvan, İmişli və Saatlı rayonlarından olan ümumulikdə 60 nəfər gəncin iştirak etmişdir.
Seminar çərçivəsində ekspertlər tərəfindən müxətlif mövzularda mühazirə və diskussiyaların təşkili, Fondun dəstəyi ilə hazırlanmış "Heydər Əliyev 100: Mənəviyyata bağlı ömür", "Müzəffər Komandan" və "Dəyərlərimizin dastanı" adlı sənədli filmlərin nümayişi, rayon ərazindəki tarixi-mədəni abidələrin ziyarət edilməsi, "Dəyərlərimizi öyrənək" adlı intellektual yarış, eləcə də digər əhəmiyyətli tədbirlər həyata keçirilmişdir.