Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Novruz coşqusu – Baharın gəlişi adlı möhtəşəm festival keçirilib

19 mart 2025 | 16:40

Azərbaycanın qədim və zəngin mədəni irsini özündə yaşadan Novruz bayramı Mil-Muğan regionunda böyük təntənə ilə qeyd olunub. Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında gərçəkləşən Novruz festivalı unudulmaz anlarla yadda qalıb. Festivalda Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının mədəniyyət müəssisələri bir araya gələrək baharın gəlişini təmtəraqla qeyd ediblər.

Festivalda Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, müxtəlif dövlət qurumlarının rəhbərləri, mədəniyyət işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Festivalın açılışı xüsusi bayram ovqatında baş tutub. Simvolik olaraq Dədə Qorqud və Bahar qızı qonaqları salamlayaraq Novruzun yenilənmə və birlik müjdəsini tədbir iştirakçılarına çatdırıblar.

Tədbirin açılışında çıxış edən Sabirabad RİH başçısı Siraqəddin Cabbarov bayram münasibətilə festival iştirakçılarını və rayon sakinlərini təbrik edib, Novruzun xalqımızın milli dəyərlərinin və birliyinin simvolu olduğunu vurğulayıb.

Festival çərçivəsində Mil-Muğan Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi rayonların hər biri Novruz bayramının ənənəvi atributlarını özündə əks etdirən xüsusi guşələrlə təmsil olunub. Xalqımızın qədim mədəni irsini yaşadan xonçalar, səməni ilə bəzədilmiş süfrələr, muzey eksponatları və milli sənət nümunələri festival iştirakçılarına təqdim edilib. Burada Novruzun ayrılmaz hissəsi olan şirniyyatlarımız – şəkərbura, paxlava, qoğal və digər milli mətbəx nümunələri, bəzi məmulatların hazırlanması prosesi nümayiş olunub, dadlı təamlar qonaqlara təklif edilib.

Festivalda milli geyimlərin nümayişi də böyük maraq doğurub. Qədimdən günümüzə qədər qorunub saxlanılan Azərbaycan milli geyimləri xüsusi sərgidə təqdim edilib. Eyni zamanda qədim sənətimiz olan xalçaçılığa da xüsusi yer ayrılıb, ustalar canlı xalça toxuma prosesini nümayiş etdirərək qonaqlara məlumat veriblər.

Novruz festivalının maraqlı hissələrindən biri də “Cəngavərlər” pəhləvanlar kollektivinin və güləşçilərin təqdimatında keçirilən nümayişlər olub. Peşəkar idmançıların təqdim etdiyi şoular tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Festivalın konsert proqramı bayram sevincini daha da artıraraq tədbirə xüsusi rəng qatıb. Müxtəlif folklor kollektivləri, regionun uşaq incəsənət və musiqi məktəblərinin şagirdləri, eləcə də tanınmış incəsənət nümayəndələri milli rəqslər və musiqi nömrələri ilə səhnəni canlandırıblar. Səhnədə Novruzun sevilən rəmzi personajları – Kosa və Keçəl öz şux zarafatları və şən tamaşaları ilə tamaşaçıları əyləndirib. Eyni zamanda, musiqiçilərin ifasında səslənən xalq mahnıları, instrumental kompozisiyalar və bayram ovqatlı melodiyalar tədbirin ab-havasını daha da möhtəşəm edib.

Sabirabad rayonunun ev sahibliyi etdiyi bu festival Novruz bayramının ruhunu əks etdirən zəngin proqramı, yüksək iştirakçılığı və rəngarəngliyi ilə yadda qalıb. İştirakçılar festivalın təşkilatçılığına görə minnətdarlıqlarını ifadə edərək, belə tədbirlərin milli mədəniyyətimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Keçidlər