Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda növbəti “Zəfər Forumu” keçirilib

02 noyabr 2022 | 18:00

Oktyabrın 7-dən etibarən Biləsuvarda start götürən Zəfər Forumunun növbəti ünvanı Sabirabad rayonu olub.

Şirvan şəhəri, Sabirabad, Saatlı, Kürdəmir, Neftçala, Hacıqabul və Salyan rayonlarını təmsil edən şəhid ailələrinin, mübaribə iştirakçılarının, şəhər və rayon fəallarının, habelə aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə təşkil olunan Forum Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilib.

Forumda Prezident Administrasiyasının məsul əməkdaşları, Müdafiə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarının rəsmiləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, Azərbaycan Ordusunun hərbi qulluqçuları, qeyri-hökumət təşkilatlarının, eləcə də ictimaiyyət nümayəndələri fəal iştirak ediblər.

Qonaqlar tədbirdən öncə Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Şəhidlər Xiyabanını ziyarət ediblər.

Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, Müharibə və Silahlı Qüvvələr veteranı, Zəfər paradının ssenari müəllifi və aparıcısı polkovnik Abdulla Qurbaninin moderatorluq etdiyi tədbirdə ənənəvi olaraq görkəmli dövlət xadimi Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni ifa olunub.

Rəsmi məruzələrdən sonra iştirak edən şəhər və rayonlardan gələn şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və müvafiq qurumların nümayəndələri çıxış edərək Müzəffər Ali Baş Komandanın Azərbaycan naminə əmrlərinə hər an hazır olduqlarını bəyan ediblər.

Forum iştirakçıları adından Prezident İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub.

Tədbir iştirakçıları əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.

Nümayəndə heyətlərinə Müdafiə Nazirliyinin adından A.Qurbaninin “Böyük gələcəyə baxış” və “Vətən müharibəsi şəhidləri” adlı kitabları hədiyyə edilib.

Eyni zamanda "Zəfər Forum"u çərçivəsində Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən “Əsgərə məktub” layihəsi həyata keçirilib. Rayon sakinləri Vətən müdafiəçilərinə məktublar ünvanlayıblar. Düşmənin təxribatlarının qarşısını qətiyyətlə aldıqlarına, Vətənimizin keşiyində ayıq-sayıq, mərdanə dayandıqlarına görə onlara uğurlar diləyiblər və əsgərlik müddətini uğurla başa vuraraq sağ-salamat evlərinə dönüb, ailələrini sevindirəcəkləri günü arzulayıblar.

Keçidlər