Sabirabad rayonunda narkotik və psixotrop maddələrin zərərləri haqqında məlumatlılığın artırılması məqsədilə maarifləndirici görüş keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən 8 aprel 2025-ci il tarixində Hacı Zeynalabdin Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta ümumtəhsil məktəbində mərkəzin ekspert qrupunun üzvləri, müəllimlər, valideynlər və şagirdlərin iştirakı ilə narkotik və psixotrop maddələrin zərərləri haqqında məlumatlılığın artırılması məqsədilə maarifləndirici görüş keçirilib.
Tədbirdə çıxış edənlər narkomaniyanın fəsadlarından danşıblar. Qeyd edilib ki, narkotik və psixotrop maddələr orqanizmə daxil olduqdan sonra psixoloji və fiziki dəyişikliklərə səbəb ola və asılılıq yarada bilən maddələrdir. Narkotik vasitələr beyin funksiyalarına və bütün orqanizmə təsir edir, tədricən bütün orqanlara qalıcı ziyan vurur, zehni və davranış problemləri yaradaraq, insanın yaxın münasibətlərinə, təhsil, ictimai və peşə həyatına mənfi təsir göstərir. Məktəblilərə sağlam həyat tərzi sürmək, bilik və bacarıqlarını inkişaf etdirmək, valideynlərə övladlarını təhlükəsiz mühitdə və sağlam psixoloji ruhda böyütmək üçün onlarla etibarlı dostluq münasibətləri qurmaq, problem və qayğıları ilə yaxından maraqlanmaq tövsiyə edilib.
Tədbirdə mövzu ilə əlaqəli video material nümayiş etdirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.