Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Narkomaniyaya yox deyək!” və “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib

22 oktyabr 2024 | 16:20

M.Ə.Sabir adına 1 nömrəli Sabirabad şəhər tam orta məktəbində yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli olan adətlərdən uzaqlaşdırılması, narkomaniyaya qarşı aparılan mübarizənin səmərəliliyinin artırılması, həmçinin erkən nikahların qarşısının alınması məqsədi ilə Sabirabad Rayon İcra Hakimiyyəti və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!” və “Erkən nikahın fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-Siyasi və humanitar məsələr şöbəsinin müdiri Ceyran Xəlilova, rayon Polis şöbəsinin rəisi Ramin Qədirov, rayon Polis şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları, ictimaiyyət nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak etmişlər.

Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov qonaqları salamlayaraq tədbirin əhəmiyyəti haqqında danışdı və ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğuladı. Qeyd etmişdir ki, bu gün Azərbaycan gəncləri ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında, vətəndaş cəmiyyətinin qurulmasında yaxından iştirak edirlər. Gənclər xalqımızın gələcəyidir və onların əsl azərbaycanlı kimi yetişməsi, tərbiyə olunması gənclərlə işləyən qurumların vəzifə, eyni zamanda vətəndaşlıq borcudur. Gənclərin milli və müasir ruhda tərbiyəsi məsələsi qarşıda duran ən başlıca məsələlərdəndir. Sonda bəşəriyyətin faciəsinə çevrilmiş narkomaniya ilə mübarizə tədbirlərinin səmərəliliyinin artırılmasının zəruriliyini vurğuladı.

Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdiri Ceyran Xəlilova çıxışında narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizmində yaratdığı fəsadlardan bəhs etmiş və bildirmişdir ki, erkən yaşda uşaqlar ailə qurmağa fizioloji, psixoloji cəhətdən hazır olmurlar və bu cür erkən nikahlar sonradan onların həyatında bir sıra böyük fəsadlar yaradır. Bu fəsadlar məişət zorakılığından tutmuş, doğuş zamanı ana-uşaq ölümləri və fiziki-psixoloji çətinliklərlə kimi bir çox problemlərə yol açır. Belə hallara qanunvericiliklə icazə verilən yaşda ailə quranlarla müqayisədə, erkən nikaha girən ailələrdə daha çox rast gəlindiyini qeyd etmişdir.

Rayon Polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenentı Anar İmanquliyev çıxış edərək bildirmişdir ki, ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi, narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirəsalınmaz addımlar atmışdır. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tamhüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il Konvensiyasına, 1998-ci ildə isə Azərbaycan Respublikası BMT-nin “Narkotik vasitələr haqqında” 1961-ci il və “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyalarına qoşulmuşdur. Həmçinin ölkəmiz narkotiklərlə mübarizədə beynəlxalq əməkdaşlığın aktuallığını nəzərə alaraq, cinayətkarlıq və narkotiklərlə mübarizə sahəsində dünyanın bir sıra dövlətləri ilə ikitərəfli və çoxtərəfli sazişlər, memorandumlar imzalamışdır.

Tədbirin sonunda “Narkomaniyaya yox deyək!” adlı videoçarx nümayiş olundu, şagirdləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər