Sabirabad rayonunda “mygov” platformasının təbliği, əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi və dövlət qulluqçularının rəqəmsal təlimlərə cəlb olunması ilə bağlı tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon ərazisində rəqəmsal dövlət xidmətlərindən istifadənin genişləndirilməsi, rayon sakinlərinin “mygov” platformasının imkanları barədə məlumatlandırılması və elektron xidmətlərə çıxışının asanlaşdırılması məqsədilə maarifləndirici təlim keçirilib. Təlimdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısı aparatının, eləcə də inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin inzibati vəzifə tutan bütün işçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə rəqəmsal inkişafın, elektron dövlət xidmətlərinin və innovativ texnologiyaların tətbiqinin genişləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətdən geniş bəhs edilib. Bildirilib ki, dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi, xidmətlərin rəqəmsallaşdırılması və vətəndaş məmnunluğunun artırılması ölkədə aparılan islahatların əsas istiqamətlərindən biridir.
Təlimin gedişində iştirakçılara “mygov” platforması geniş funksional imkanları, tətbiq üzərindən təqdim olunan elektron xidmətlər və istifadə qaydaları barədə ətraflı məlumat verilib. Platformanın vətəndaşların dövlət xidmətlərindən daha rahat, sürətli və məsafədən yararlanmasına yaratdığı imkanlar diqqətə çatdırılıb, sakinlərin “mygov” platformasından istifadəsinin üstünlüklərindən geniş bəhs olunub. Bildirilib ki, tətbiq vətəndaşlara bir sıra dövlət xidmətlərinə vahid rəqəmsal platforma üzərindən çıxış əldə etməyə, xidmətlərdən istifadə prosesini sadələşdirməyə və vaxt itkisini azaltmağa imkan verir. Eyni zamanda “mygov” platforması üzərindən təqdim olunan xidmətlərdən istifadənin təşviqinin vacibliyi də diqqətə çatdırılıb.
Tədbirdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dövlət qulluqçuları və dövlət qurumlarının əməkdaşları üçün “Rəqəmsal Üfüqlər” Milli Rəqəmsal Savadlılıq Təlim Proqramına start verildiyi bildirilmişdir. “Rəqəmsal Üfüqlər” Proqramı Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsi üzrə 2026–2028-ci illər üçün Fəaliyyət Planının 8.1.12-ci yarımbəndinə uyğun olaraq dövlət orqanlarında (qurumlarında) vəzifəli şəxslərin rəqəmsal inkişaf sahəsində səriştələrinin, bilik və bacarıqlarının artırılması, həmçinin Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyasının (2025–2027) 2.4-cü bəndi ilə nəzərdə tutulan rəqəmsal bacarıqların inkişafı tədbirlərinin icrası çərçivəsində həyata keçirilir. Proqram dövlət sektorunda rəqəmsal bacarıqların vahid və beynəlxalq standartlar əsasında inkişaf etdirilməsi istiqamətində həyata keçirilən təşəbbüs olduğu qeyd edilmiş və bütün işçilərin həmin təlimə qoşulmasının vacibliyi vurğulanmışdır.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və “mygov” platformasından səmərəli istifadə ilə bağlı müvafiq tövsiyələr verilib.







