Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi yad edilib

08 aprel 2026 | 14:35

Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində rayonun Muğan Gəncəli kəndindən olan, Azərbaycanın Milli Qəhrəmanı, şəhid Murad Mirzəyevin anadan olmasının 50 illik yubileyinə həsr olunmuş anım tədbiri keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, mədəniyyət işçiləri, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.

Anım mərasimi Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev Milli Qəhrəman Murad Mirzəyevin şərəfli həyat və döyüş yolundan geniş bəhs edərək onun göstərdiyi igidlik və qəhrəmanlığın gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib. 

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siracəddin Cabbarov çıxış edərək vurğulayıb ki, Vətən uğrunda canından keçən igid oğullarımızın xatirəsi hər zaman uca tutulur, onların göstərdiyi şücaət xalqımızın yaddaşında əbədi yaşayır.

Tədbir çərçivəsində Murad Mirzəyevin həyat və qəhrəmanlıq yoluna həsr olunmuş “Tarixin səhifələri” adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-şairə Müləmail Murad çıxış edərək Aprel döyüşlərində göstərilən qəhrəmanlıqlardan danışıb, kitabın ərsəyə gəlmə məqsədi və məzmunu barədə ətraflı məlumat verib. 

Milli Qəhrəmanın atası Telman Mirzəyev çıxış edərək oğlunun xatirəsinə göstərilən diqqət və ehtirama görə minnətdarlığını bildirib.

Anım mərasimi çərçivəsində Milli Qəhrəmanın həyat və döyüş yolunu əks etdirən “Komandir” sənədli filmi nümayiş olunub və tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər