Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində görüş keçirilib

04 oktyabr 2025 | 16:13

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı” layihəsi çərçivəsində növbəti görüş Sabirabad rayonunda keçirilib.

Görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov iştirakçıları salamlayaraq, bu görüşlərin gənclərin inkişafında və fəallığının artırılmasında əhəmiyyətli rol oynadığını vurğulayıb. Daha sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin əməkdaşı Əkbər Mikayılov, Azərbaycan Respublikasının Gənclər Fondunun Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəsi Əli Nağıyev və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aqil İsmayılzadə keçirilən media təlimlərinin gənclərin media savadlılığının artırılması, rəqəmsal mühitdə düzgün məlumat idarəçiliyi bacarıqlarının formalaşdırılması və ictimai fəallığın təşviqi baxımından əhəmiyyətindən danışıblar.

Ardınca Space TV-nin Xəbər xidmətinin rəhbəri Elman Vəliyev iştirakçılara informasiya təhlükəsizliyi, mediada düzgün məlumatın yoxlanılması, etibarlı mənbələrin seçilməsi və jurnalistikanın praktik aspektləri mövzularında iştirakçıları məlumatlandırıb.

Qeyd edək ki, layihənin əsas məqsədi rəqəmsal əsrdə gənclərin media və informasiya mühitində məsuliyyətli mövqeyinin formalaşdırılması, yeni media alətlərindən səmərəli istifadə bacarıqlarının inkişaf etdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmə işinin gücləndirilməsi və gənclər arasında həmrəyliyin artırılmasıdır.

Keçidlər