Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda M.Ə.Sabirin 161 illik yubleyi münasibətilə “Hophopnamə” kitabının təqdimatı keçirilib

07 aprel 2023 | 15:30

Sabirabad rayon İcra Hakimiyyətinin və “Letterpress” nəşriyyat evinin birgə təşkilatçılığı ilə M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbində Azərbaycan satirik şeirinin ustadı Mirzə Ələkbər Sabirin anadan olmasının 161 illiyi ilə əlaqədar “Hophopnamə” kitabının təqdimatı keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Xalq rəssamı Arif Hüseynov, Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı, Professor Hacı Firudin Qurbansoy, Azərbaycan Respublikasının Xalq artisti Əlibala Nurəliyev (Əlinur), Elm və Təhsil Nazirliyinin Təhsil İnstitutu yanında Tədris Resursları mərkəzinin şöbə müdiri Əsgər Quliyev, Professor, Əməkdar jurnalist  Etibar Babayev, “Letterpress” nəşriyyat evinin direktoru Cabir Əsədov, M.Ə.Sabirin nəticəsi, 1 saylı şəhər tam orta məktəbinin müəllimi Afət Tahirzadə, H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta məktəbinin müəllimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rəqibə Paşayeva (Qəvvas), ziyalılar, ictimai fəallar, tələbələr, müəllimlər, müxtəlif peşə sahibləri, yaşından asılı olmayaraq sabirsevərlər iştirak ediblər.

Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin və Mirzə Ələkbər Sabirin Sabirabad rayonunun şəhər mərkəzində yerləşən abidələri önünə gül dəstələri düzülmüşdür.

Sonra tədbir M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbində davam etdirilib. Tədbiri giriş sözü ilə açan rayon Icra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Azərbaycan ədəbiyyatının əvəzolunmaz nümayəndəsi olan Mirzə Ələkbər Sabirə göstərilən dövlət qayğısından, ustad sənətkara olan xalq məhəbbətindən, sonsuz ehtiramdan söz açıb.

Daha sonra Xalq rəssamı Arif Hüseynov kitabda yer alan illüstrasiyalar haqqında məlumat verib. Qeyd edib ki, ağ-qara rəngdə işlənmiş qravürlər böyük şairin əsərlərinin məzmunu, satirik istiqaməti haqqında oxucuda dolğun təsəvvür yaradır.

Tədbirdə M.Ə.Sabirin həyat və yaradıcılığına dair müxtəlif mövzuda məruzələr oxunmuş, şairin zəngin yaradıcılığı fərqli aspektlərdən təhlil olunmuşdur.

Sonda “Letterpress” nəşriyyat evi tərəfindən yeni dizaynla hazırlanmış “Hophopnamə” kitabı  iştirakçılara təqdim edilmiş və xatirə şəkilləri çəkdirilmişdir.

Keçidlər