Sabirabad rayonunda “Marafon Futbol Klubu”nun nümayəndə heyəti ilə görüş keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında Sabirabad rayonunun “Marafon Futbol Klubu”nun rəhbərliyi və heyəti ilə görüş keçirib.
Görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad RİH başçısının birinci müavini Həsən Həsənov, AFFA-nın Mərkəzi Regional Futbol Federasiyası İctimai Birliyinin Prezidenti Nadir Quliyev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəis əvəzi Elçin Qiyasov, “Marafon Futbol Klubu”nun prezidenti Vüsal Xəlilov və klubun heyəti iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qonaqları salamlayaraq, klubun 24 avqust 2025-ci il tarixdə Azərbaycan Həvəskar Futbol Federasiyası tərəfindən keçirilən Azərbaycan həvəskarlar liqasının final oyununda Sumqayıt futbol komandasına, daha sonra 31 avqust 2025-ci il tarixdə keçirilən Azərbaycan kubokunun final oyununda Naftalan futbol komandasına qalib gələrək 1-ci yerə layiq görülməsi münasibətilə “Marafon Futbol Klubu”nun kollektivini təbrik edib, həmçinin komandanın son dövrlərdə nümayiş etdirdiyi əzmkar və məqsədyönlü oyunlarını yüksək qiymətləndirib.
Çıxışında Ümummilli Lider Heydər Əliyevin idmana göstərdiyi diqqət və qayğıya toxunan icra başçısı qeyd edib ki, bu siyasət hazırda onun layiqli davamçısı Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O, rayon üzrə idmanın kütləviliyinin təmin olunması istiqamətində həyata keçirilən mühüm layihələrdən danışaraq vurğulayıb ki, idman, xüsusilə futbol, gənclər arasında sağlam həyat tərzinin təbliğində mühüm rol oynayır.
Daha sonra klubun prezidenti Vüsal Xəlilov çıxış edib. O, klubun gələcək inkişaf strategiyasından, qarşıya qoyulan hədəflərdən bəhs edib, göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Digər çıxış edənlər klubun gələcək inkişafı, idmanın kütləviliyinin artırılması və gənclərin sağlam ruhda böyüməsinin vacibliyini diqqətə çatdırıblar.
Sonda “Marafon Futbol Klubu” rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edilmiş, icra başçısına isə klub forması və simvolik rəmzi hədiyyə təqdim olunub.







