Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyadan Zəfərə” adlı seminar keçirilmişdir

24 sentyabr 2025 | 17:25

Sabirabad Rayon İcra Hakimiyyəti və Sabirabad Regional "ASAN Xidmət" Mərkəzinin birgə təşkilatçılığı ilə Sabirabad Regional "ASAN Xidmət" Mərkəzinin inzibati binasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Konstitusiyadan Zəfərə” adlı seminar keçirilmişdir.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Sabirabad Regional "ASAN Xidmət" Mərkəzinin direktoru Elvin Cəfərov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, Sabirabad Gənclər Evinin əməkdaşları, ASAN Könüllüləri və gənclərin nümayəndələri iştirak etmişdir.

Tədbir iştirakçıları əvvəlcə "ASAN Xidmət" Mərkəzinin foyesində “Konstitusiya və Suverenlik İli” çərçivəsində açıq kitabxana formatında kitab sərgisinə baxış keçirib. Sərgidə Konstitusiya, dövlətçilik, hüquqi islahatlar və suverenlik mövzusunda kitablar və nəşrlər nümayiş edilib.

Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş və dövlət himni səsləndirilmişdir.

Tədbiri giriş sözü ilə açan Sabirabad regional "ASAN Xidmət" Mərkəzinin direktoru Elvin Cəfərov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncamla 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilib. Məhz bu il 1995-ci il noyabrın 12-də qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının əsas qanunu olan ilk Konstitusiyasının qəbul edilməsinin 30 illiyi və 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən Müharibəsində tarixi Zəfərin 5-ci ildönümüdür. “Konstitusiya və Suverenlik İli” dövlətçilik tariximizin daha da dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.

Daha sonra çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Azərbaycan tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bilavasitə bağlı olduğunu, görkəmli siyasətçi Heydər Əliyevin Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün önəmli işlər həyata keçirdiyini, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyaraq inkişaf etdirdiyini bildirmişdir.

Sonda çıxış edənlər “Konstitusiya və gənclərin hüquqları: hüquqi dövlətin gələcəyi” və “Gənclərin üzərinə düşən vəzifələr – dövlətçilik və vətənpərvərlik” mövzusunda ətraflı çıxış edərək, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıblar. Əldə edilən qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunduğunu bildiriblər.

Keçidlər