Sabirabad rayonunda kənd təsərrüfatı məhsulları istehsalçıları ilə görüş keçirilib
YAP Sabirabad Rayon Təşkilatının inzibati binasında Sabirabad Rayon İcra Hakimiyyəti, Sahibkarlığın İnkişafı Fondunun və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının rayon bölməsi təmsilçilərinin sahibkarlarla keçirdiyi görüşdə rayon ərazisində ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı müzakirə aparılıb.
Tədbir Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.7-ci bəndinin (ölkədə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı və kənd təsərrüfatı məhsulları istehsalçılarının xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə bağlı sahibkarlar arasında maarifləndirici tədbirlərin davam etdirilməsi) icrası məqsədi daşıyıb.
Sabirabad RİHBA-nın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Nəsir Mirzəliyev keçirilən görüşün əhəmiyyətini qeyd edərək deyib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar nəticəsində bu sahənin davamlı inkişafı təmin olunmuşdur. Daşkəsən rayonunda aqrar sahənin mövcud vəziyyətindən də söz açan Aidə Nağıyeva söyləyib ki, aqrar sektorun inkişafına dövlət tərəfindən hərtərəfli dəstək tədbirləri davam etdirilir, dövlətin göstərdiyi dəstək mexanizmlərdən sahibkarların istifadə imkanları asanlaşdırılır, bu istiqamətdə şəffaflıq, hesabatlıq və əlçatanlıq təmin olunur. Dövlət dəstəyi kənd təsərrüfatının əsas istiqamətləri üzrə məhsul istehsalını artırmağa, ərzaq təhlükəsizliyinin təmin olunmasına və kənd təsərrüfatı məhsullarının bazarlara çıxarılmasına tam imkan yaradır.
Görüşdə çıxış edən sahibkarlar Sabirabad rayonunda ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalı üçün geniş potensial imkanların olduğunu, xüsusilə Aqrar Tədarük və Təchizat ASC-nin təşkil etdiyi “Kənddən şəhərə” və digər yarmarkalarda kənd təsərrüfatı istehsalçılarının standartlara, gigiyenik və texniki tələblərə uyğun məhsullarının heç bir maneə olmadan sata bildiklərini vurğulayıb.
Görüşdə həmçinin rayonda kənd təsərrüfatı sahəsinin müasir tələblər səviyyəsində inkişafı, elmi və kadr təminatı, torpaqlardan səmərəli istifadənin sosial-iqtisadi və ekoloji əsasları, zəruri infrastrukturun yaradılması barədə geniş fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.