Sabirabad rayonunda işəgötürənlər üçün əmək münasibətlərində gender bərabərliyi və əmək qanunvericiliyinə edilmiş son dəyişikliklər mövzularında maarifləndirmə tədbiri keçirilib
Sabirabad rayonunda “Əmək münasibətlərində gender bərabərliyi – bərabər hüquqlar, bərabər imkanlar” kampaniyası çərçivəsində maarifləndirici tədbir keçirilib.
Sabirabad Rayon İcra Hakimiyyətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Nazirliyin yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin və Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında həyata keçirilən tədbirdə dövlət və qeyri-dövlət sektorunu təmsil edən 60 qurumdan 100-ə yaxın nümayəndə iştirak edib.
Tədbirdə Nazirliyin, onun tabeliyindəki qurumların və Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Sabirabad Rayon İcra Hakimiyyətinin nümayəndələri mövzu ilə bağlı çıxış ediblər.
Görüşdə əmək qanunvericiliyi sahəsində son illərdə həyata keçirilmiş islahatlar, Əmək Məcəlləsində və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktlarda nəzərdə tutulan güzəştlər, imtiyazlar və əlavə təminatlar, Dövlət Məşğulluq Agentliyinin işəgötürənlərə təqdim etdiyi xidmətlər, habelə Azərbaycanın Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) qoşulması ilə bağlı görülmüş işlər barədə məlumat verilib.
Həmçinin qadınların əmək hüquqlarının təmin olunması və əmək münasibətlərində gender bərabərliyi prinsipinə riayət olunmasının vacibliyi vurğulanıb. İşə qəbul, əmək şəraitinin müəyyənləşdirilməsi, əməkhaqqının ödənilməsi, vəzifə bölgüsü və karyera yüksəlişi zamanı cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsinin zəruriliyi xüsusi qeyd edilib.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.







