Sabirabad rayonunda insan alverinə qarşı mübarizə üzrə təlim keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin təşkilati dəstəyi və İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT koalisiyasının təşəbbüsü ilə Sabirabad rayon Bayraq Muzeyində təlim keçirilib.
Təlimdə sahə müvəkkilləri, azyaşlılarla iş şöbəsinin əməkdaşları, təhqiqatçılar, əməliyyatçılar iştirak ediblər. Təlim Sabirabad Rayon İcra Hakimiyyəti yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi Komissiyanın psixoloqu Nazim Sultanov, "Yeni Həyat" Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və "Azad Həmfikirlər" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Samirə Mustafayeva tərəfindən aparılıb.
Sabirabad rayon Polis şöbəsinin 19 əməkdaşının iştirakı ilə keçirilən təlimin əsas məqsədi uşaq əməyinin istismarı anlayışını, onun formalarını və qarşısının alınması yolları izah olunmasından və qarşılıqlı interaktiv müzakirələrin təşkilindən ibarət idi.
Eyni zamanda qeyd olunan halların müəyyən olunmasında istifadə edilən əsas indikatorlarla sahə müvəkkillərini və uşaq inspektorlarını tanış etmək oldu. İnteraktiv şəkildə keçirilən təlim zamanı iştirakçıların real vəziyyətlə bağlı fikirləri dinlənildi. Təlimin gedişatında beynəlxalq standartlara əsaslanan indikatorlar izah edildi, hazırda mövcud yerli qanunvericilik kontekstində onların tətbiqi imkanları müzakirə edildi.
Təlim iştirakçıları insan alveri anlayışının mahiyyəti, növləri, mübarizə metodları, insan alveri qurbanlarının müəyyən edilməsi, onlarla reabilitasiya tədbirlərinin həyata keçirilməsi, psixoloji və hüquqi dəstəyin göstərilməsi və s. məsələlər barədə ətraflı məlumatlar əldə etdilər.