Sabirabad rayonunda İdman Sağlamlıq Mərkəzinin açılış mərasimi olmuşdur
Sabirabad Rayon İcra Hakimiyyətinin dəstəyi, Sabirabad bələdiyyəsinin təşəbbüsu ilə Sabirabad şəhəri, Muğan prospekti 5Q ünvanında Sabirabad bələdiyyəsinin nəzdində Sabirabad İdman Sağlamlıq Mərkəzinin açılış mərasimi olmuşdur.
Mərkəzin açılışında Sabirabad bələdiyyəsinin sədri Kamran Mirzəyev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin idman sektorunun müdiri Vüqar Kərimov, idman müəllimləri, şəhər sakinləri və gənclər iştirak etmişdir.
İdmanın inkişafı daim dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Bu diqqətin nəticəsi olaraq idmanın inkişafı istiqamətində bütün zəruri addımlar atılır, bölgələrdə olimpiya kompleksləri, idman zalları yaradılır və maddi texniki baza formalaşır. İdmançılarımızın yerli və beynəlxalq yarışlara cəlb edilməsi istiqamətində zəruri addımlar atılır.
Respublikamızın bütün bölgələrində olduğu kimi Sabirabad rayonunda da gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Sabirabad İdman Sağlamlıq Mərkəzi tikilmişdir.
İdman-sağlamlıq mərkəzi Sabirabad bələdiyyəsinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə təqdim etdiyi subvensiya lahiyəsinə əsasən inşa olunmuşdur. Sabirabad bələdiyyəsi tərəfindən ayrılmış 0,06 hektar torpaq sahəsində inşa edilmiş mərkəzin tikintisinə 2024-ci ilin noyabrından başlanmışdır. Geniş idman salonunda Almaniyadan gətirilmiş avadanlıqlar quraşdırılmışdır. Müxtəlif yaş qruplarından olan sakinlər təcrübəli məşqçilərin rəhbərliyi ilə burada öz sağlamlıqlarını möhkəmlədirirlər.
Birmərtəbəli mərkəzdə 1 ədəd soyunub-geyinmə otağı, 5 duş kabinəsi, 1 sanitar qovşağı, məşqçi otağı və texniki otaqdan ibarətdir.