Sabirabad rayonunda heyvanların identifikasiyası ilə bağlı müşavirə keçirilib
Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi, bu məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin respublikada mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddət ərzində həlli ilə bağlı növbəti müşavirə Sabirabad rayonunda keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Sabirabad Rayon İcra Hakimiyyətinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Sığorta Fondunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak edib.
Müşavirədə heyvanların identifikasiya olunmasının əhəmiyyəti barədə iştirakçılara geniş məlumat verilib. Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”na əsasən, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması məcburidir. İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı (nişanlanmalı) və bunun üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır.
Eyni zamanda vurğulanıb ki, Qaydalara əsasən, heyvanların identikləşdirilməsi Agentlik tərəfindən AQTİS vasitəsilə həyata keçirilir. Bu sistem vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair fərdi məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür. AQTİS heyvanların ölkəyə idxal edilməsi, daşınması, həmçinin heyvanlar üzərində aparılan baytarlıq tədbirlərinin, laboratoriya müayinələrinin və xüsusi təhlükəli xəstəliklərə görə qoyulan karantin tədbirlərinin və digər prosedurların idarə olunmasının elektron platforma üzərindən həyata keçirilməsinə imkan verir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.