Sabirabad rayonunda “Heydər Əliyev və konstitusiya ədalət mühakiməsi” mövzusunda dəyirmi masa keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyəti, Sabirabad rayon Məhkəməsi və Sabirabad Gənclər Evinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Sabirabad rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev və konstitusiya ədalət mühakiməsi” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad rayon Məhkəməsinin sədri Azər İsmayılov, Sabirabad rayon İcra və Propasiya şöbəsinin rəisi Dəyanət Lətifov, RİH başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Sabirabad Gənclər Evinin direktoru Rəşad Qurbanov, rayon İcra Hakimiyyətinin, məhkəmənin məsul işçiləri, tələbələr və şagirdlər iştirak etmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qeyd etdi ki, Ümummilli Lider Heydər Əliyevin yolunu davam etdirən, vəsiyyətlərini gerçəkləşdirən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən Müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etmişdir. Bununla Azərbaycanı bütöv görmək istəyən Ulu Öndərin ən böyük arzusu həyata keçirilmişdir.
Daha sonra Sabirabad rayon Məhkəməsinin sədri Azər İsmayılov Azərbaycan xalqının Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin xilaskarlıq və quruculuq missiyası, o cümlədən Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatlar barədə məlumat verdi.
Sonda tədbirdə çıxış edənlər qeyd etmişdir ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən bəhs edərək, bütün ömrünü Vətəninə, xalqına sədaqətlə xidmət edən Ümummilli Liderin parlaq ideyalarının və əziz xatirəsinin hər bir azərbaycanlının qəlbində bundan sonra da yaşayacağını diqqətə çatdırmışdırlar.







