Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Heydər Əliyev İli” çərçivəsində “Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsidir” mövzusunda konfrans keçirilmişdir

07 dekabr 2023 | 14:16

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində YAP Sabirabad rayon təşkilatı tərəfindən dekabrın 7-də “Ulu Öndər Heydər Əliyevin siyasi irsi Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsidir” mövzusunda tədbir keçirib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Sabirabad şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin xatirəsi ehtiramla yad olunub.

Sonra Ümummilli Liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxış keçirilib.

Sabirabad rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov bildirib ki, Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqının milli sərvəti, xəzinəsidir, bundan sonra da neçə-neçə nəsillər bu məktəbdən bəhrələnərək Azərbaycanın davamlı inkişafına öz töhfəsini verəcəkdir: “Ulu Öndərin fəaliyyətinin hər bir mərhələsi ayrı-ayrılıqda tədqiqat mövzusudur. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir.”

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Azərbaycan tarixinin bütöv bir dövrünün dahi şəxsiyyətin şərəfli adı və möhtəşəm fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb. Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə ölkəmiz bütün sahələrdə böyük inkişaf yolu keçib. Bu gün Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan dünyada güclü və nüfuzlu dövlətə çevrilib. Diqqətə çatdırıb ki, Ümummilli Liderin Azərbaycanın işıqlı gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf etməkdədir.

YAP Veteranlar Şurasının üzvü Asif Cahangirov bildirib ki, xalqımız üçün müstəsna xidmətləri ilə əbədilik qazanan Ümummilli Lider Heydər Əliyevin zəngin və çoxşaxəli irsi xalqımızın milli sərvətidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ramin Məmmədov diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisidir. Məhz Ulu Öndərin uzaqgörənliyi, strateji düşünmə bacarığına əsaslanan idarəçilik modeli qısa zaman kəsiyində ölkəmizin dayanıqlı və davamlı inkişafı üçün zəmin yaradıb. Müasir mərhələdə Azərbaycanın inkişafı da məhz Ulu Öndər tərəfindən təməli qoyulmuş iqtisadi, siyasi, mədəni, intellektual əsaslarla bağlıdır.

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Kamal Cəfərov söyləyib ki, bütün həyatını xalqının xoşbəxt gələcəyinə həsr etmiş Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Heydər Əliyev erası Azərbaycanda müstəqillik, quruculuq, inkişaf, sabitlik, tərəqqi dövrüdür.

Partiya veteranı Fatma Hüseynova və şəhid atası Fəzail Cəfərov çıxış edərək vurğulayıblar ki, Heydər Əliyev tarixi şəxsiyyətlər sırasında öz layiqli yerini tutub, xalqımızın yaddaşında qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Qeyd olunub ki, bu gün xalqımız Ümummilli Liderin layiqli davamçısı olan Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşib.

Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə Fəxri Fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekun vurulub.

Keçidlər