Sabirabad rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş Narlıq kənd orta məktəbinin yeni 300 şagird yerlik binası istifadəyə verilib
15 sentyabr 2023-cü il tarixdə Sabirabad rayonunda Heydər Əliyev Fondu tərəfindən inşa olunmuş Narlıq kənd orta məktəbinin yeni 300 şagird yerlik binası istifadəyə verilib.
Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Məktəb binasının açılış mərasimində Sabirabad Rayon İcra Hakimiyyətinin Başçısı Siraqəddin Cabbarov, Heydər Əliyev Fondunun Heydər Əliyev irsinin tədbiqi və təbliği şöbəsinin müdiri Cəmil Əliyev, Elm və Təhsil Nazirliyinin nümayəndəsi Elvin Rüstəmov, RİH başçısının müavinləri, Mil-Muğan Regional Təhsil İdarəsinin əməkdaşları və məktəbin adını daşıdığı, rayonun ilk şəhidi, polis leytenantı Əhmədağa Səmədovun həyat yoldaşı Lətafət Səmədova iştirak ediblər.
Sabirabad rayonunun Narlıq kəndində 1975-ci ildə inşa olunan Ə.Səmədov adına tam orta məktəb istifadəyə yararsız olduğundan Heydər Əliyev Fondu tərəfindən bu ilin əvvəlində inşasına başlanılıb.
Bilik Gününə hazır olan ikimərtəbəli yeni məktəb binası 300 şagird yerlikdir və dörd korpusdan ibarətdir. Yeni tədris ilini tam təmirli məktəbdə başlayan şagird və müəllimlər üçün keyfiyyətli tədris prosesi üçün lazımi şərait yaradılıb. Tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.
Bildirilib ki, 17 sinif otağından ibarət ümumi təhsil müəssisəsində 2 laboratoriya, 2 texnologiya, informatika, gənclərin çağırışaqədərki hazırlığı kabineti, məktəbəhazırlıq otağı, 90 yerlik akt zalı, idman zalı, kitabxana və bufet fəaliyyət göstərəcək. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində kiçik idman meydançası və müasir qazanxana sistemi quraşdırılıb.
2023-2024-cü tədris ilində təhsil müəssisəsində 275 şagirdin, məktəbəhazırlıq qrupunda isə 26 uşağın təhsil prosesinə cəlb olunması planlaşdırılır. Təhsil müəssisəsində 21 nəfər pedaqoji, 12 nəfər texniki işçi çalışır.
Çıxışlarda dövlətimizin təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində gördüyü işlərdən danışılıb. Bildirilib ki, 2023-2024-cü tədris ilində Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 23, Heydər Əliyev Fondu tərəfindən isə 19 təhsil müəssisəsinin açılışı nəzərdə tutulur. Bu ilin sonunadək Elm və Təhsil Nazirliyinin sifarişi əsasında 8 təhsil müəssisəsinin açılışı planlaşdırılır.