Sabirabad rayonunda “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası” mövzusunda maarifləndirici seminar keçirilib
Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Birləşmiş Millət Təşkilatının maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kompaniyası“ mövzusunda maarifləndirici seminar keçirilmişdir.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəsi Aleks Haykens, Birləşmiş Millətlər Təşkilatının əməkdaşı Xalisa Şahverdi, Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondunun (UNİCEF-in) əməkdaşı Leyla Həsənova, layihə rəhbəri Cavid Əhmədov, multimedia sənətçisi Sitara İbrahiməyli, moderator Əfsanə Tahirova və hüquqşunas Rəşid Məmmədov iştirak etmişlər.
Tədbiri giriş sözu ilə açan Həsən Həsənov bildirib ki, 25 noyabr – Qadınlara qarşı zorakılığın ləğv olunması uğrunda beynəlxalq mübarizə günündən başlayaraq 10 dekabr – Beynəlxalq İnsan Hüquqları gününədək davam edən “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” Kampaniyasının əhəmiyyətinə diqqət çəkib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Xarici əlaqələr və protokol xidməti şöbəsinin müdiri Fərid Ədilov çıxışında qadınlara qarşı hər bir zorakılıq halı, o cümlədən məişət zorakılığı hallarının cəmiyyət tərəfindən həmişə mənfi qarşılanmasına, cəmiyyətin bu bəlaya aşkar mənfi münasibətinə və dözümsüzlüyünə, son illərdə Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi təsirli tədbirlərinə baxmayaraq, dünyanın bir çox ölkələrində olduğu kimi, qadınlara qarşı zorakılıq hələ də mövcuddur. O bildirib ki, hər bir zorakılıq əməli, o cümlədən məişət zorakılığı qadınların hüquqlarının ciddi pozuntusu hesab edilməli və təsirli məsuliyyətə səbəb olmalıdır.
Daha sonra Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəsi Aleks Haykens çıxışında qadın və kişilərin bərabər hüquqlara malik olmasına baxmayaraq, həyatları boyu siyasi, sosial, iqtisadi və hətta şəxsi müstəvidə səlahiyyətlərin bölgüsündə qeyri-adekvat təmsil olduqlarını qeyd edib. O həmçinin qeyd edib ki, statistikaya əsasən, Azərbaycanda qadınların təhsil, səhiyyə və sosial müdafiə sektorlarında çoxluq təşkil etməyinə baxmayaraq, onların hazırda azlıq təşkil etdikləri sahələr də daxil olmaqla rəhbər vəzifələrdə çalışmaları üçün səlahiyyətləndirmə prosesini intensivləşdirmək vacibliyini vurğulayıb.