Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Fövqəladə Hallar Nazirliyi tərəfindən komanda-qərargah təlimi keçirilib

06 iyun 2024 | 17:57

Fövqəladə Hallar Nazirliyi tərəfindən “İrimiqyaslı fövqəladə hadisələr zamanı qəza-xilasetmə əməliyyatları” mövzusunda Sabirabad, Salyan və Neftçala rayonlarını əhatə etməklə Sabirabad rayonunda komanda-qərargah təlimi keçirilib.

Nazirliyin Baş əməliyyat idarəsinin təşkilatçılığı ilə keçirilən təlimin əsas məqsədi baş verə biləcək irimiqyaslı fövqəladə hadisələr zamanı Nazirliyin Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən qüvvə və vasitələrin real imkanlarının müəyyən edilməsi, onların hazırlıq səviyyəsi, qarşılıqlı fəaliyyət və idarəetmə sisteminin, həmçinin ölkə ərazisində irimiqyaslı beynəlxalq və respublika əhəmiyyətli tədbirlər zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və insanların təxliyəsinin təşkilinin təkmilləşdirilməsi olub.

Komanda-qərargah təliminə Muğan Regional Mərkəzinin əhatə etdiyi ərazidə yerləşən Nazirliyin qurumlarının qüvvə və vasitələri, həmçinin yerli özünüidarəetmə orqanlarının əməkdaşları cəlb edilib.

Üç mərhələdə keçirilən təlimin birinci mərhələsində real vaxt rejimində qüvvə və vasitələrin dinc dövrdə hazırlıq dərəcələrinə gətirilməsi, bu zaman komandir-rəis heyətinin fəaliyyəti, fövqəladə hadisə zonasına əsas qüvvələrin yürüşünün təşkili, yürüş kolonunun rəhbərinin və cəmləşmə rayonunda yerləşmə zamanı bütün növ xidmətlərin birgə fəaliyyəti hazırlanıb.

Təlimin ikinci mərhələsində fövqəladə hadisə zonasında qəza-xilasetmə işləri ilə bağlı əməliyyat qərargahının fəaliyyətinin təşkili, idarəetmə üzrə sənədlərin işlənilməsi, qərar qəbuletmə prosesində komandir-rəis heyətinin fəaliyyəti, yaranmış vəziyyət barədə məlumatların toplanması, təhlili, qiymətləndirilməsi, tapşırıqların dəqiqləşdirilməsi və müvafiq əmrlərin verilməsi, fövqəladə hadisə zonasında qüvvə və vasitələrin qruplaşdırılması, idarə olunması, qarşılıqlı fəaliyyət və hərtərəfli təminatının təşkili, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili yerinə yetirilib.

Təlimin üçüncü mərhələsində Nazirliyin regionda yerləşən qüvvə və vasitələrinin fövqəladə hadisə zonasında qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması zamanı praktiki fəaliyyəti nümayiş olunub, komandir-rəis heyətinin məruzələri dinlənilib, müzakirələr aparılıb və nəticələrin qiymətləndirilməsi ilə təlimə yekun vurulub.

Uğurla keçən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Keçidlər