Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Erkən müayinə can qurtarır” adlı tibbi aksiya keçirilib

15 mart 2025 | 15:25

Səhiyyə Nazirliyi və “PAŞA Holding”in birgə təşkilatçılığı ilə “Erkən müayinə can qurtarır” adlı növbəti aksiya Sabirabad rayonunda reallaşıb. Diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Sabirabad və ətraf rayon sakinləri aktiv iştirak ediblər.

Tibbi müayinə “Sabirabad” klinikasında təşkil edilib. "Fərqindəlik" layihəsinin rəhbəri Şəbnəm Həsənova bildirib ki, "Erkən müayinə can qurtarır" adlı tibbi müayinə ikinci dəfədir keçirilir və bu dəfə Sabirabadda təşkil olunub. Kampaniya ölkə üzrə 24 rayonu əhatə edəcək, o cümlədən işğaldan azad edilən rayonlarda da təşkil olunacaq. Aksiyanın məqsədi diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq, xəstəliyin qarşısını almaq və yerli əhali arasında sağlam həyat tərzi barədə maarifləndirməni gücləndirməkdir.

Gün ərzində 100-ə yaxın sakinin müayinə olunmuş, həmçinin aksiya zamanı sakinlər arasında erkən müayinənin əhəmiyyəti haqqında da maarifləndirici söhbət aparılmışdır. Onlara diabetin erkən mərhələlərdə aşkar olunmasının çox vacib olduğu izah edilmişdir. Belə ki, xəstəliyin erkən diaqnozu sayəsində ciddi sağlamlıq problemlərinin qarşısı alınır və müalicə daha effektiv olur. Erkən müayinə diabetin həm fiziki, həm də sosial təsirlərini azaltmağa kömək edir. Diabetin nəzarət altında saxlanması ilə xəstələr gündəlik həyatlarında daha aktiv və sağlam ola bilərlər. Sakinlər də təşkil olunan aksiyanı müsbət qiymətləndiriblər.

Qeyd edək ki, Sabirabadda keçirilən “Erkən müayinə can qurtarır” aksiyası ölkənin digər regionlarında da təşkil olunacaq. Region sakinləri diabetin erkən mərhələlərində aşkarlanması və ona qarşı mübarizənin effektivliyi ilə bağlı məlumatlandırılacaqlar. Məqsəd diabetin qarşısını almaq, insanları sağlamlıqları ilə bağlı məlumatlandırmaq və sağlam cəmiyyət qurmaqdır.

Keçidlər