Sabirabad rayonunda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda regional konfrans keçirilib
Noyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Sabirabadda “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda regional konfrans öz işinə başlayıb.
Tədbirdən öncə konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov konfransın mövzusunun qlobal çağırışlar fonunda son dərəcə aktual olduğunu bildirib. O vurğulayıb ki, dinin siyasiləşdirilməsi və məzhəbçilik milli kimliyə, cəmiyyətin sabitliyinə yönəlmiş təhlükəli alətlərdir, bu meyillərə qarşı mübarizə dövlət siyasətinin əsas istiqamətlərindəndir. İcra başçısı bildirib ki, Azərbaycan Konstitusiyasına görə din dövlətdən ayrıdır və dini dəyərlərin siyasi məqsədlərə alət edilməsi yolverilməzdir. Onun sözlərinə görə, bu prinsip cəmiyyətin sabitliyini və konfessiyalar arasında harmoniyanı təmin edən mühüm amildir.
S.Cabbarov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən dini irsin qorunması, dini abidələrin bərpası və dini icmalara dəstək istiqamətində mühüm addımlar atılır. Bu siyasət ölkədə dinlərarası dialoqun güclənməsinə və multikultural dəyərlərin daha da möhkəmlənməsinə xidmət edir. O həmçinin, konfransın regionda dini maarifləndirmənin gücləndirilməsinə, radikalizmlə mübarizəyə və milli-mənəvi dəyərlərin təbliğinin genişləndirilməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, konfransda müzakirə ediləcək mövzular təkcə dini sahəyə aid deyil, həm də dövlətçilik, milli təhlükəsizlik və gələcək nəsillərin ideoloji sağlamlığı ilə bağlı strateji məsələlərdir. O qeyd edib ki, Azərbaycanın dövlət–din münasibətləri modeli dünya miqyasında nadir təcrübədir. Bu model Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi siyasi və hüquqi çərçivələr əsasında formalaşaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə yeni regional və qlobal çağırışlara uyğun şəkildə daha da gücləndirilib. Bu modelin əsasında duran milli həmrəyliyin bariz nümunəsi 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədir.
Komitə sədri vurğulayıb ki, dövlət bütün dini konfessiyalara bərabər yanaşır, milli və dini kimliklər arasında harmoniyanın qorunmasına xüsusi önəm verir. Dinin siyasiləşməsi isə bu harmoniyanı sarsıtmağa yönələn təhlükəli proseslərdən biridir. Dinin siyasi məqsədlərə alət edilməsi, cəmiyyətin emosional həssaslığından sui-istifadə, gənclər arasında radikal ideoloji təbliğat, xarici təsir mərkəzlərinin dini təbliğatı maliyyələşdirməsi, din və ya məzhəb kimliyinin milli kimlikdən önə çəkilməsi dövlətçilik maraqlarına qarşı yönəlib. Belə mənfi təzahürlər daim nəzarətdə saxlanmalı, qarşısı vaxtında alınmalıdır. Bu məqsədlə Komitə mütəmadi olaraq qabaqlayıcı tədbirlər həyata keçirir, dini maarifləndirmə və dini təhsil sahəsində işlər gücləndirilir. R. Məmmədov bildirib ki, bu mübarizədə cəmiyyət də fəal iştirak etməlidir. Din xadimləri, ziyalılar, valideynlər və media məsuliyyətli mövqe nümayiş etdirməli, xüsusilə sosial şəbəkələrdə yayılan radikal çağırışlara qarşı diqqətli olmalıdırlar.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev tədbirin əhəmiyyətini vurğulayıb. O bildirib ki, Azərbaycanda dini sahədə sabitliyin qorunması, multikulturalizm və tolerantlığın təşviqi dövlət siyasətinin prioritetlərindən biridir və bu dəyərlərə dünya miqyasında da yüksək önəm verilir. F. Nurullayev qeyd edib ki, 44 günlük Vətən müharibəsində xalqın həmrəyliyi, Ordunun gücü, müxtəlif dinlərin nümayəndələrinin birgə mübarizəsi milli həmrəylik və dini vəhdətin bariz nümunəsi olub. O, məzhəbələrarası harmoniyanın, birlik və qarşılıqlı hörmətin ölkəmizin əsas dəyərlərindən biri olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədəki siyasəti ölkədə dini sabitliyi qorumaq, müxtəlif dinlər arasında dialoqu gücləndirmək və radikal meyillərin qarşısını almaq məqsədini daşıyır.
Daha sonra “Dinin siyasiləşməsi və məzhəbçilik: milli kimliyə yönəlmiş təhdid kimi” mövzusunda konfrans işini panel sessiyalarla davam etdirib.
Konfransın “Azərbaycan nümunəsi: hüquqi dövlət və mənəvi dəyərlərin harmoniyası” mövzusuna həsr olunan birinci panel sessiyasına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov moderatorluq edib.
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov “Hüquqi dövlətdə mənəvi dəyərlərin tənzimlənməsi siyasəti: dünya təcrübəsi və Azərbaycan nümunəsi” mövzusundakı çıxış edib. Bildirib ki, hüquqi dövlət yalnız normativ sistemlə deyil, həm də mənəvi dəyərlər və ictimai həmrəyliklə möhkəmlənir. Dövlətin tolerantlıq, multikulturalizm və dini-mənəvi dəyərlərin qorunmasına yönəlmiş siyasəti hüquqi çərçivə ilə sosial identiklik arasında balans yaratmağa xidmət edir.
Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev “Milli-mənəvi dəyərlərin mahiyyəti, onların qorunmasına təhdid yaradan ünsürlər və üzərimizə düşən vəzifələr” mövzusunda çıxış edib. Qeyd edib ki, milli-mənəvi dəyərlər xalqın varlığını qoruyur. Onların itirilməsi millətin kimliyinin və mənəvi bütövlüyünün sarsılması deməkdir. Buna görə də hər bir fərd, ailə və ictimai qurum bu dəyərlərin yaşadılması və gələcək nəsillərə ötürülməsi üçün məsuliyyət daşıyır.
Aİİ-nin müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Elnur Əzimli “Dəyərlərin əhəmiyyəti: dinin və dindarların dəyərlərin qorumasındakı rolu” mövzusunu şərh edib. Vurğulayıb ki, dəyərlər cəmiyyətin düşüncəsində birlik yaradaraq sosial bütünlüyə və həmrəyliyə xidmət edir. Hər bir xalqın adət ənənəsi, əhəmiyyətli gördüyü prinsiplər onun dəyərlərini təşkil edir. Dəyərlərin formalaşmasında və qorunmasında din əhəmiyyətli yer tutur.
Konfransın ikinci paneli Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyevin moderatorluğu ilə “İdeoloji təhdidlər və mübarizə metodları” mövzusuna həsr edilib. Paneldə çıxış edən Aİİ-nin İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov “Məzhəblərin ideoloji təhdidə çevrilmə prosesi” mövzusuna toxunub. Məzhəbçiliyin cəmiyyət daxilində parçalanmalara, dini bilginin təhrifinə və radikallaşma meyillərinə yol aça bildiyini diqqətə çatdırıb. Bildirib ki, bu prosesin qarşısının alınması üçün maarifləndirmə, düzgün dini təhsilin təşviqi və sağlam teoloji yanaşmanın gücləndirilməsi əsas şərtlərdir.
Aİİ-nin müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru Qadir Səfərov rəqəmsal mühitdə irfani təlimlərin kreativ adaptasiyasının onlayn radikalizmin qarşısının alınmasındakı əhəmiyyətindən danışıb. Bu prosesin həssas və səriştəli yanaşma tələb etdiyini bildirib.
Sabirabad şəhəri “Heydər” məscidinin imam müavini Yusif Bağırov milli-mənəvi dəyərlərimizə təhdid olan radikalizm və məzhəbçiliyə qarşı mübarizədə din xadimlərinin rolu barədə danışıb. Qeyd edib ki, din xadimləri insanları birliyə, həmrəyliyə və milli dəyərlərə sədaqətə səsləməklə məzhəb ayrı-seçkiliyinin qarşısını almaqda mühüm rol oynayırlar. O, məscidlərdə maarifləndirici fəaliyyətlərin artırılmasının, xüsusilə gənclərlə davamlı ünsiyyətin radikallaşma risklərini azaltmaqda əhəmiyyətli olduğunu diqqətə çatdırıb.
Tədbirin yekununda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, din öz mənəvi-əxlaqi sərhədlərindən kənara çıxdıqda əsl mahiyyətini itirir. O, bu kimi halların qarşısının alınmasında din xadimlərinin roluna toxunaraq onların cəmiyyətin mənəvi birliyinin qorunmasında, sosial həmrəyliyin təşviqi və ideoloji təhlükəsizliyi təmin edilməsində mühüm bir missiyanı yerinə yetirən maarifçilər olduğunu deyib. Vurğulayıb ki, rəqəmsal texnologiyalar, süni intellekt dövrünün yeni reallıqları din xadimləri haqqında ənənəvi steorotipləri dəyişmək zərurəti yaradır.
Qeyd edək ki, Komitənin təşkilatçılığı ilə keçirilən regional konfransda müvafiq dövlət qurumlarının, eləcə də hüquq-mühafizə orqanlarının nümayəndələri, ilahiyyatçılar, din xadimləri, dini icma sədrləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər.






