Sabirabad rayonunda Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində Beynəlxalq Ana Dili Gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.
Tədbirin əsas hissəsində Xalq şairi Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsəri səhnələşdirilərək tamaşaçılara təqdim olunub. Tamaşa ana dilinə, milli kimliyə və tarixi yaddaşa ehtiramın bədii ifadəsi kimi böyük maraqla qarşılanıb.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, eləcə də rayonun idarə və təşkilat rəhbərləri, müəllimlər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Səhnə əsəri Beyləqan rayonu Birinci Şahsevən kəndi Gəray Əsədov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin IX–XI sinif şagirdlərinin ifasında nümayiş olunub. Gənc ifaçıların məsuliyyət və həvəslə çıxışı tamaşaya xüsusi canlılıq qatıb.
Şagirdlərin təqdimatında “Özümüzü kəsən qılınc” təkcə ədəbi-bədii nümunə kimi deyil, həm də tarixdən gələn bir dərs və bu günə ünvanlanan mənəvi çağırış kimi səslənib. Onların obrazları dərindən duyaraq canlandırmaları tamaşaçıların böyük rəğbətini qazanıb.
Səhnə əsərinin quruluşu məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəqsanə Ağalıyeva və Beyləqan rayon Mədəniyyət Mərkəzinin “Gənclik” xalq teatrının əməkdaşları tərəfindən hazırlanıb. Rejissor işi, səhnə tərtibatı, musiqi və kostyum seçimi tamaşanın ideya-məzmununu dolğun şəkildə tamamlayıb.
Tamaşadan sonra çıxış edən qonaqlar əsərin yüksək səviyyədə səhnələşdirildiyini vurğulayaraq gənc ifaçıları təbrik ediblər. Qeyd olunub ki, bu cür tədbirlər ana dilinin qorunması və təbliği, milli-mənəvi dəyərlərin yaşadılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, tədbirin təşkilinə və şagirdlər üçün yaradılmış şəraitə görə Sabirabad rayon Mədəniyyət Mərkəzinin rəhbərliyinə təşəkkür ifadə olunub.






