Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının vəziyyəti ilə bağlı müşavirə keçirilib

14 iyul 2026 | 14:25

Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrasının vəziyyəti ilə bağlı müşavirə keçirilib.

Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının rəhbər şəxsləri, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubov, pambıq emalı zavodlarının rəhbərləri, RİH başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və digər aidiyyatı təşkilatların məsul işçiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov respublikamızda qeyri-neft sənayesinin, xüsusilə aqrar sektorun dinamik inkişafının dövlət siyasətinin strateji prioritetlərindən birini təşkil etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, ölkə rəhbəri tərəfindən imzalanan bu mühüm sənəd daxili bazarın yerli məhsullarla təminatını gücləndirməklə yanaşı, regionlarda məşğulluq səviyyəsinin yüksəldilməsinə və ixrac potensialının çoxşaxəli inkişafına xidmət edir. Rayon rəhbəri qeyd edib ki, növbəti beşilliyi əhatə edən Dövlət Proqramı aqrar sahədə keyfiyyətcə yeni mərhələnin əsasını qoyacaq, xammal istehsalından rəqabətədavamlı emal sənayesinin qurulmasınadək böyük bir zəncirin formalaşmasına hüquqi və iqtisadi zəmin yaradacaqdır. Bunun sayəsində rayonda iqtisadi fəallıq artacaq, yeni iş yerləri açılacaq və yerli istehsal hesabına idxaldan asılılıq minimuma enəcəkdir.

Daha sonra Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Sabirabad Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Heydar Yaqubov Dövlət Proqramının əsas hədəfləri və Sabirabad rayonu üzrə reallaşdırılması nəzərdə tutulan praktiki addımlar barədə geniş məlumat veriblər, icra mexanizmlərinin effektiv təşkilindən danışıblar.

Tədbirin yekununda Dövlət Proqramının Sabirabad rayonunda uğurlu və vaxtında icrası ilə bağlı qarşıda duran vəzifələr ətraflı təhlil olunub. Xüsusilə su və torpaq ehtiyatlarından qənaətlə və səmərəli istifadə, aqrar sahədə innovativ texnologiyaların tətbiqi, eləcə də dövlət tərəfindən göstərilən subsidiya dəstəyinin düzgün yönləndirilməsi istiqamətində aidiyyəti struktur bölmələrinin rəhbərlərinə ciddi tapşırıqlar verilib. Bu prosesdə yerlərdəki bütün dövlət təsisatlarının tam koordinasiyalı və operativ şəkildə fəaliyyət göstərməsinin vacibliyi xüsusi vurğulanıb.

Keçidlər