Sabirabad rayonunda Azərbaycan Dövlət Rəqs Ansamblının qastrol konserti keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Azərbaycan Dövlət Rəqs Ansamblının qastrol konserti keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxslərii, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərliyi və kollektivi, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Rəsmi hissədə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov qonaqları salamlamış, konsertin işinə uğurlar arzulamışdır.
Daha sonra konsert proqramı Vasif Adıgözəlovun “Mənim Azərbaycanım” süitası ilə başlanıb. Daha sonra ansamblın ifasında Emin Sabitoğlunun “Ağ çiçəyim” əsəri, həmçinin “Qavalla rəqs”, “Nağara”, “Toy”, “Qazağı”, “Şəli”, “Naz eləmə”, “Tərəkəmə”, “Uzundərə”, “Çayçı”, “Qaytağı” milli rəqslərimiz və “Yaylıq” xalq mahnısı təqdim olunub.
Milli rəqs sənəti nümunələrinin yüksək peşəkarlıqla təqdimatı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Qeyd edək ki, mədəni qastrol proqramı “Azərbaycan Mədəniyyəti – 2040” Konsepsiyası çərçivəsində müəyyən edilmiş prioritet istiqamətlərdən biri olan mədəniyyətin regionlarda əlçatanlığının artırılması və ölkə üzrə vahid mədəni ekosistemin formalaşdırılması məqsədilə həyata keçirilir.







