Sabirabad rayonunda avtomobil yollarının kənarında ağacəkmə aksiyaları keçirilmişdir
2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən Müharibəsində Qələbəmizin 5-ci ildönümü nəzərə alınaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan edilmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda “Konstitusiya və Suverenlik İli” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilmişdir. Hacıqabul-Bəhrəmtəpə-Mincivan magistral avtomobil yolunun rayonun Nizami kəndinin ərazisindən keçən hissəsində, eləcə də Sabirabad-Cavad-Zəngənə kəndlərarası avtomobil yolunun kənarında aksiya çərçivəsində 3300 ədəddən çox oleyandr və eldar şamı əkilmişdir. Bundan sonra da Sabirabad rayonunun ərazisində mütəmadi olaraq ağac və dekorativ kolların əkilməsi nəzərdə tutulmuşdur.
Ümumiyyətlə Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təkçə 2024-cü il ərzində 2000 ədəd çinar, 1000 ədəd eldar şamı, 1000 zeytun, 3500 ədəd oleyandr, 2750 ədəd efkalipt, 2500 ədəd leylandii, 350 ədəd palma, 1700 ədəd iydə, 5100 ədəd sərf, 1020 ədəd kiparis, 280 ədəd karlik qızılgül, ümumilikdə 21200 ədəd ağac və dekorativ kollar əkilmiş, yeni əkilən ağaclara aqrotexniki qulluq göstərilmişdir. Son beş ildə isə rayon ərazisində 260 minə yaxın ağac əkilmişdir.