Sabirabad rayonunda Aprel döyüşlərinin 10 illiyi qeyd olunub
Aprel döyüşlərinin 10 illiyi münasibətilə Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə H.Z.Tağıyev adına 6 saylı şəhər tam orta ümumtəhsil məktəbində anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin, o cümlədən Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olmuş hərbçilərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər 2016-cı ilin aprel ayında baş vermiş döyüşlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan Ordusu düşmənin təxribatlarına layiqli cavab verərək qısa müddətdə mühüm strateji mövqeləri və yaşayış məntəqələrini işğaldan azad edib. Bildirilib ki, Aprel döyüşləri xalqımızın qələbə əzmini daha da gücləndirib və 2020-ci ildə Vətən Müharibəsində əldə olunan tarixi Zəfərin əsasını təşkil edib.
Çıxış edənlər Aprel döyüşlərində iştirak edən hərbçilərin göstərdikləri qəhrəmanlıq nümunələrindən bəhs edərək şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu vurğulayıblar. Sonda bildirilib ki, Azərbaycan xalqı öz qəhrəmanlarını heç vaxt unutmayacaq və onların əziz xatirəsi daim ehtiramla yad olunacaqdır.






