Sabirabad rayonunda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir
Sabirabad rayonunda 2023-2024-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib.
Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında təşkil olunan tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Mil-Muğan Regional Təhsil İdarəsinin rəisi Rəşad Musayev, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Faiq Xudanlı, Sabirabad rayon Təhsil sektorunun müdiri Mircamal Həşimov, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.
Görüşdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar və xoşbəxtlik arzulayıb. Rayon rəhbəri bildirib ki, şüar səviyyəsinə yüksələn Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” ifadəsi respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gün də hiss olunmaqdadır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Dövlət başçısının təhsil sahəsinin inkişafı naminə atdığı addımlar, müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları bir daha onu sübut edir ki, bu gün təhsil sahəsinə qoyulan investisiya Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır. İcra başçısı təhsil sahəsinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun gördüyü işlərdən də söz açıb. Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində respublikanın hər yerində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının inşası ilə bağlı görülən işlərdən danışıb.
Daha sonra çıxış edən natiqlər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları barədə məlumat verib və tələbələri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Tələbə adını qazanan məzunlar ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə 2023-2024-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələr Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunaraq onlara qiymətli hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkilib.