Sabirabad rayonunda 8 Noyabr - Zəfər Gününə həsr edilən "Qarabağa gedən yol" adlı rəsm müsabiqəsi keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Təhsil İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə ümumi təhsil müəssisələrinin şagirdləri arasında 8 Noyabr - Zəfər Gününə həsr edilən "Qarabağa gedən yol" adlı rəsm müsabiqəsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd şagirdlər arasında vətənpərvərlik ruhunu möhkəmləndirmək, milli-mənəvi dəyərlərə hörmət hissini aşılamaq, istedadlı şagirdləri üzə çıxarmaqdan ibarət olub.
Tədbirdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov 44 gün davam edən və əzəli Azərbaycan torpaqlarının geri alınması, dövlətimizin ərazi bütövlüyünün bərpa olunması ilə nəticələnən Vətən Müharibəsinin xalqımızın iftixar və qürur mənbəyi olduğunu vurğulayaraq, şagirdlərimizin belə müsabiqələrdə fəal iştirakını təqdirəlayiq hal olduğunu bildirib.
Digər çıxış edənlər Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən oğullarının qəhrəmanlıq dolu həyat hekayələrinin böyüməkdə olan gənclərə örnək olduğunu bildirərək, həmin dövrü şagirdlərin gözü ilə rəsmlərdə canlandırılması, onlarda vətənpərvərlik ruhunun yüksək olduğunun bariz nümunəsi olduğunu bildiriblər.
Daha sonra "Qarabağa gedən yol" adlı rəsm müsabiqəsinin yekununda Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə keçirilən rayon turlarının I, II, III yerlərinin qalibi olmuş şagirdlərin rəsmlərinə baxış keçirilmiş, Beyləqan rayonu Birinci Şahsevən kənd G.Əsədov adına 1 nömrəli tam orta məktəbin X sinif şagirdi Məmmədli Gülay Fazil qızının çəkdiyi rəsm I yerə, N.Gəncəvi adına Sabirabad şəhər 5 nömrəli tam orta məktəbin XI sinif şagirdi Kərimli Gülnar Aqil qızının çəkdiyi rəsm II yerə, İmişli şəhər 3 nömrəli tam orta məktəbin VI sinif şagirdi Cəfərzadə Nuray Niyaməddin qızının çəkdiyi rəsm isə III yerə layiq görülüb.
Sonda müsabiqədə yer qazanan rəsmlərin müəllifləri və fəal iştirakçılar diplom ilə təltif olunublar.