Sabirabad rayonunda 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd olunub
Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cənub Regional Filialının Sabirabad şöbəsinin əməkdaşlarının 6 dekabr – rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı qeyd olunub.
Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyublar. Ulu Öndər və vətənimizin bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov rabitə sahəsi üçün əlamətdar hesab olunan 6 dekabr tarixinin Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunduğunu bildirib.
Daha sonra "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cənub Regional Filialının Sabirabad şöbəsinin müdiri Qalib Qasımov ölkəmizdə rabitə və informasiya texnologiyaları sahəsində görülən işlərdən danışaraq əməkdaşları peşə bayramları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonda digər çıxış edənlər son illər ərzində “Aztelekom” ölkənin telekommunikasiya infrastrukturunu optimallaşdıraraq ənənəvi sabit telefonlardan ən müasir genişzolaqlı texnologiyaya qədər inkişaf yolu keçdiyini qeyd ediblər.






