Sabirabad rayonunda 15 sentyabr - “Bilik günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilib
Sabirabad rayonunun ümumtəhsil məktəblərində 2026-2027-ci tədris ilinin başlanması və “Bilik günü” ilə əlaqədar olaraq keçirilən sislsilə tədbirlərdə Sabirabad Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun təhsil işçiləri, məktəb rəhbərləri, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə çıxış edənlər yeni dərs ilinin başlanması və “Bilik günü” münasibətilə pedaqoji kollektivləri, bütün təhsil işçilərini, müəllimləri, şagirdləri və valideynləri təbrik edərək, yeni tədris ilində uğurlar arzulayıblar.
Məktəblərin həyətində keçirilən tədbirlər yeni tədris ilinin yaratdığı xoş ovqat və böyük sevinc hissi ilə yadda qalıb. Xüsusilə məktəb həyatına ilk dəfə qədəm qoyan birincilərin həyəcanı və sevinci tədbirlərə xüsusi rəng qatıb.
Çıxışlarda “Bilik Günü” münasibətilə müəllim və şagirdlər təbrik olunub, yeni tədris ilində bütün təhsil iştirakçılarına uğurlar arzulanıb. İlk dəfə məktəbə qədəm qoyan birincilərə isə məktəb həyatının yaddaqalan və uğurlu başlanğıc olması, bilik və bacarıqlarını artıraraq gələcəkdə ölkəmizin inkişafına töhfə verən vətəndaşlar kimi yetişmələri dilənib.
Çıxışlarda vurğulanıb ki, məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, eyni zamanda uşaqların şəxsiyyət kimi yetişdiyi, onların dünyagörüşünün və həyata baxışlarının formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan müəllim, valideyn və şagird əməkdaşlığının gücləndirilməsi, hər bir şagird üçün sağlam və əlverişli təhsil mühitinin yaradılması əsas prioritetlərdəndir.
Bildirilib ki, ümumi təhsil müəssisələrində yeni tədris ilinin ilk dərsləri “Şəhərsalma və Memarlıq İli” mövzusuna həsr olunub. İlk dərslərdə şagirdlərə şəhərsalmanın və memarlığın cəmiyyətin inkişafındakı rolu, müasir şəhər mühitinin formalaşdırılması, milli memarlıq irsinin qorunması və gələcək nəsillərə çatdırılması barədə məlumatlar verilib. Tədbirlər çərçivəsində iştirakçılar ilk dərs prosesini də izləyiblər.







