Sabirabad rayonunda 15 May - Beynəlxalq Ailə Günü münasibətilə "Ailə həyatına hazırlıq" mövzusunda təlim keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə "Ailə həyatına hazırlıq" mövzusunda “Həyat” restoranında təlim proqramı keçirilmişdir.
Tədbirdə RİH başçısının birinci müavini Həsən Həsənov, RİHB-nın müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Ceyran Xəlilova, Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Səbinə İmanova, təlimçilər Aygun İsmayilova, Əsli Zeynalabdinova və gənc ailələr iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov təlim iştirakçılarını salamlayaraq ölkəmizdə ailələrin rifahı sahəsində görülən işlər, ailə siyasətinin əsas istiqamətləri barədə məlumat verib.
Təqdimatda Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Səbinə İmanova sağlam münasibətlərin qurulması üçün səmimi ünsiyyətin və emosional bağlılığın mühüm əhəmiyyət daşıdığını, ailədaxili gərginliklərin qarşısının alınmasında erkən müdaxilənin və peşəkar psixoloji dəstəyin rolundan danışıb.
Daha sonra təlimçi – Aygun İsmayilova “Gənclər və yeni ailə quranlar üçün ailə həyatına hazırlıq” adlı təqdimatla çıxış edib. Ailə münasibətlərinin ilkin mərhələsində qarşılıqlı hörmət və diqqətin, həmçinin emosional bağlılığın mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Təlim interaktiv şəkildə davam etdirilib. İştirakçılar qrup tapşırıqları edib, birgə müzakirələr aparıblar.







