Sabirabad rayonunda “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirildi
Sabirabad rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəlişi ilə bağlı “14 iyul 1969-cu il: Müstəqil və qüdrətli Azərbaycanın təməlinin qoyulduğu gün” mövzusunda dəyirmi masa keçirilib.
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, YAP Sabirabad rayon təşkilatının nümayəndələri, Sabirabad Regional Mədəniyyət İdarəsinin işçiləri və rayon ziyalıları iştirak edib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra iştirakçıların çıxışları ilə davam edib.
Çıxış edən rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və digər natiqlər Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birinci dəfə siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul gününün xalqımızın tarixi taleyində oynadığı misilsiz rolundan, dünya şöhrətli siyasi xadimin öz müdrik fəaliyyəti ilə müasir tariximizin ən şanlı və parlaq salnaməsini yaratmasından, 1969-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının gücləndirilməsi Ulu Öndərimizin siyasi xəttinin əsasını təşkil etməsindən, Ümummilli Liderin dövlətçilik konsepsiyasının Azərbaycanın tarixi ənənələrini və müasir Avropa dəyərlərini özündə birləşdirən yeni inkişaf modeli olmasından bəhs ediblər.