Sabirabad rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlarda sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün verdiyi tapşırıqlar, imzaladığı sərəncamlar, bu tədbirlərin icrasına ayırdığı diqqət hər yerdə olduğu kimi, Sabirabad rayonunda da öz müsbət nəticələrini verməkdədir. Aparılan tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almış və rayonun siması xeyli dəyişmişdir.
Belə ki, Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq Sabirabad şəhəri ərazisində kompleks abadlıq-quruculuq işləri həyata keçirilir. Hazırda Sabirabad şəhərinin Heydər Əliyev prospektində və bir sıra küçələrində yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir. Rayon əhalisinin təklif və istəkləri nəzərə alınaraq yaşıllıq zolaqları salınır, mövcud parklar, küçə və prospektlər abadlaşdırılır və yenidən qurulur.
Aparılan abadlıq işləri çərçivəsində günün qaranlıq saatlarında küçələri işıqlandırmaqla vətəndaşların təhlükəsiz hərəkətinin təşkili üçün Sabirabad şəhərində küçələrin işıqlandırılması işləri də davam etdirilir. Qurulan müasir tipli gecə işıqlandırması sistemi görünüşü və qənaətcilliyi ilə seçilir.
Sabirabad rayonunda təmiz və abad həyətlərin yaradılması, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin təmin olunması istiqamətində görülən tədbirlər bundan sonra da davam etdiriləcəkdir.