Sabirabad rayonunda “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib
“Gəlin bir-birimizə dəstək olaq, cəsarətlə narkotiklərə “yox” deyərək bu bəlanın cəmiyyətimizə sirayət etməsinə imkan verməyək!” - bu fikirlər Əli Qurbanov adına Qalağayın kənd tam orta ümumtəhsil məktəbində keçirilən maarifləndirmə tədbirində səsləndirilib.
Sabirabad Rayon İcra Hakimiyyəti və rayon Polis şöbəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya və erkən nikaha yox deyək” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə çıxış edən Sabirabad rayon Polis şöbəsinin rəisi, polis polkovniki Ramin Qədirov narkomaniyanın cəmiyyəti içəridən çürüdən, gənclərimizin həyatını qaraldan ən böyük təhlükələrdən biri olduğunu bildirib.
Erkən nikahların fəsadları mövzusunda da çıxış edən şöbə rəisi, yeniyetmə vaxtlarında gənclərin ailə qurmasının qanunla qadağan olunduğunu iştirakçıların diqqətinə çatdırıb.
Tədbir zamanı daxili işlər orqanlarında xidmət etmək həvəsində olan məktəblilərə Polis Akademiyasına kursant qəbulu qaydaları ilə bağlı ətraflı məlumatlar da verilib, Polis Akademiyasının tarixi və daxili işlər orqanlarında xidmətin şərəfliliyi barədə də çıxışlar edilib.






