Sabirabad rayonunda Yel çərşənbəsi qeyd olunub
Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında Novruz bayramının dörd əsas çərşənbəsindən biri olan Yel çərşənbəsi münasibətilə bayram tədbiri keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbər heyəti və əməkdaşları, mədəniyyət işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Bayram tədbiri çərçivəsində Novruz ənənələrini əks etdirən rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Sərgidə Novruz bayramının rəmzlərini və xalqımızın qədim adət-ənənələrini əks etdirən rəsm nümunələri nümayiş olunub.
Tədbirin rəsmi hissəsində çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov Yel çərşənbəsinin xalqımızın qədim inanclar sistemində xüsusi yer tutduğunu qeyd edərək bildirib ki, bu çərşənbə təbiətin oyanışını, baharın gəlişini və yenilənməni müjdələyən əlamətdar günlərdən biridir. O, iştirakçıları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək xoş arzularını çatdırıb.
Tədbirin bədii hissəsində Sabirabad şəhər Üzeyir Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagird və müəllimlərinin, eləcə də yerli sənət adamlarının ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Sabirabad rayon Əhmədabad kənd Folklor evinin “Axısxa Halay-türk” folklor rəqs kollektivi milli rəqslər təqdim edib, Kosa və Keçəl obrazlarının iştirakı ilə maraqlı kompozisiyalar nümayiş olunub. Həmçinin “Cəngavər” pəhləvanlar qrupunun çıxışları tamaşaçılar tərəfindən maraqla qarşılanıb.






