Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib
Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mayın 10-da Sabirabad rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci illiyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib.
Əvvəlcə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və veteranlar, əmək kollektivləri, ağsaqqallar, ziyalılar, tələbələr, məktəblilər, ictimaiyyətin və gənclərin nümayəndələri, eləcə də minlərlə rayon sakini Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, abidə önünə gül-çiçək dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Daha sonra Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin 101-ci illiyinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilmişdir.
Tədbirin rəsmi hissəsində çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov qeyd etmişdir ki, görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan Milli dövlətçiliyini bütün təhlükələrdən xilas edib qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət kimi Heydər Əliyevin həyat və fəaliyyəti müasir tariximizin ən mühüm və şərəfli mərhələsini təşkil edir. Təsadüfi deyildir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər tariximizin qızıl dövrü kimi yaddaşlara həkk olunmuşdur. Ulu Öndərimiz Heydər Əliyev 14 dəfə Sabirabada səfər etmiş, pambıq tarlalarında, taxıl zəmilərində və heyvandarlıq təsərrüfatlarında əhali ilə birbaşa ünsiyyətdə olmuşdur. Heydər Əliyev 1979-cu ildə rayon Mədəniyyət sarayının açılışında bu torpağa, onun zəhmət adamlarına bağlılığını belə ifadə etmişdir: "Mən hər il Sabirabada gəlirəm. Bu, onu göstərir ki, sizin torpağın, sizin zəhmət adamlarının elə böyük bir cazibə qüvvəsi var ki, hər il məni bura gətirir". Ulu Öndər Heydər Əliyev 1998-ci ildə-müstəqillik dövründə növbəti dəfə Sabirabada səfər etdi, məcburi köçkünlərin məskunlaşdığı Qalağayın çadır düşərgəsində sakinlərlə görüşdü, onların yaşayış şəraiti ilə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi. Elə həmin gün Heydər Əliyev rayon mərkəzində minlərlə sabirabadlı qarşısında çıxış etdi və rayonun keçmişindən, bu günündən danışdı, çıxışının sonunda isə uca səslə dedi: "Mən hər dəfə Sabirabada gələndə bu doğma diyara heyran oluram. Sevinirəm ki, əhalinin rifah halı nə qədər yaxşılaşıb, kəndlərdə böyük sıçrayışlar əmələ gəlib". Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq, müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır. Azərbaycan Respublikasının Prezidenti kimi cənab İlham Əliyev ilk gündən Heydər Əliyev siyasi kursunu qəti və prinsipial mövqeyi ilə davam etdirməklə xalqın böyük ehtiramını qazanmış, qısa müddət ərzində əhalinin rifahının yaxşılaşmasında müstəsna rol oynayan tədbirlər həyata keçirilmiş, hər bir vətəndaşın hüququna hörmətlə yanaşılması, ona qayğılı münasibət göstərilməsi bütün dövlət strukturlarının qarşısında ali məqsəd kimi qoyulmuşdur. Bu gün tam əminliklə deyə bilərik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün sahələrdə Ümummilli Liderimizin siyasi kursunu uğurla davam etdirir, ölkəmiz yeni-yeni nailiyyətlərə imza atır.
Sonda rayonumuzun incəsənət ustaları rəngarəng konsert proqramı ilə çıxış etmişlər.