Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Od çərşənbəsi qeyd olunub

03 mart 2026 | 14:28

Sabirabad Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Novruzun dörd əsas çərşənbəsindən biri olan Od çərşənbəsi münasibətilə bayram tədbiri təşkil edilib.

Tədbir rayonun istirahət məkanlarından biri olan “Sabir bağı” ərazisində keçirilib.

Tədbirdə rayon icra hakimiyyətinin, rayonda fəaliyyət göstərən idarə və təşkilatların rəhbər heyyəti və əməkdaşları, mədəniyyət işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Rəsmi hissədə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Od çərşənbəsinin xalqımızın milli-mənəvi dəyərlər sistemindəki yerindən, Novruz ənənələrinin qorunaraq gələcək nəsillərə ötürülməsinin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, Od çərşənbəsi odun, işığın və yenilənmənin rəmzi kimi birlik və həmrəylik duyğularını daha da möhkəmləndirir.

Tədbirin bədii hissəsində Sabirabad şəhər Ü.Hacıbəyli adına Uşaq Musiqi Məktəbinin şagird və müəllimləri, eləcə də yerli sənət adamlarının ifasında müxtəlif musiqi nömrələri səsləndirilib. Sabirabad rayon Əhmədabad kənd Folklor evinin "Axısxa Halay-türk" folklor rəqs kollektivi milli rəqslər təqdim edib, Kosa-Keçəl kompozisiyası nümayiş olunub. Həmçinin “Cəngavər” pəhləvanlar qrupu maraqlı nömrələrlə tamaşaçıların marağına səbəb olublar.

Keçidlər