Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda Novruz festivalı keçirilib

18 mart 2026 | 14:13

Sabirabad Rayon İcra Hakimiyyətinin və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında xalqımızın əsrlərdən bəri yaşadılan zəngin mədəni irsini, milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramına həsr olunmuş festival təşkil edilib.

Bayram tədbirində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və kollektivləri, şəhid ailələri, müharibə əlilləri və veteranları, ağsaqqallar, ziyalılar, eləcə də ictimaiyyətin və gənclərin nümayəndələri iştirak ediblər.

Bayram məkanı milli ornamentlərlə bəzədilib, səmənilər, xonçalar və Novruz atributlarından ibarət zəngin stendlər qurulub. Tədbir iştirakçıları tərəfindən əvvəlcə bayram stendlərinə baxış keçirilib, xalqımızın zəngin milli-mədəni irsini əks etdirən nümunələr, eyni zamanda el pəhləvanlarının və idmançıların çıxışları böyük maraqla qarşılanıb.

Tədbirin açılışında mərasimində çıxış edən rayon rəhbəri Siraqəddin Cabbarov bayram münasibətilə festival iştirakçılarını və rayon sakinlərini təbrik edib, Novruzun xalqımızın milli dəyərlərinin və birliyinin simvolu olduğunu vurğulayıb.

Konsert proqramı ilə davam edən tədbirdə yerli müğənnilərin ifasında səsləndirilən şən və ruh yüksəkliyi yaradan musiqi nömrələri, Sabirabad rayonunun Əhmədabad kənd Folklor evinin “Axısxa Halay-Türk” folklor rəqs kollektivinin təqdim etdiyi rəngarəng və dinamik rəqs nömrələri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Tədbirə xüsusi rəng qatan məqamlardan biri də paytaxtdan dəvət olunmuş tanınmış ifaçılar Murad Laçın və Nesrin Alevin çıxışları olub. Onların ifasında səsləndirilən musiqilər bayram coşqusunu daha da artıraraq iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

Bundan əlavə, Novruzun ənənəvi personajları olan Bahar qız, Kosa və Keçəlin iştirakı ilə nümayiş etdirilən səhnəciklər, müxtəlif rəqs kompozisiyaları və şən proqramlar festival iştirakçılarına unudulmaz anlar yaşadıb.

Keçidlər