Sabirabad rayonunda Milli Qurtuluş Günü qeyd olunub
Sabirabad Rayon İcra Hakimiyyəti və Mil-Muğan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş geniş konsert proqramı təşkil edilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Daha sonra Mədəniyyət Mərkəzinin qarşısında davam edən mərasimdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edənlər Milli Qurtuluş Gününün Azərbaycan tarixində mühüm dönüş nöqtəsi olduğunu vurğulayaraq, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, ölkədə sabitliyin və dövlətçiliyin möhkəmləndirilməsi istiqamətində gördüyü tarixi xidmətlərdən danışıblar. Qeyd olunub ki, Ümummilli Liderin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz yeni inkişaf mərhələsində mühüm nailiyyətlər qazanır.
Konsert proqramında regionda fəaliyyət göstərən incəsənət nümayəndələri və folklor kollektivləri çıxış ediblər. Proqram çərçivəsində vətənpərvərlik mövzusunda musiqi nömrələri, xalq və muğam ifaları, saz havaları, həmçinin rəqs kompozisiyaları təqdim olunub. Rəngarəng çıxışlar tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.
Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.







