Sabirabad Rayon İcra Hakimiyyətindən özünü yandıran müharibə iştirakçısı ilə bağlı açıqlama
Sabirabad rayonunun Surra kənd sakini, Vətən Müharibəsinin iştirakçısı, 1997-ci il təvəllüdlü Mamedzadə Ruhin İnqilab oğlu kəndin ərazisində, Sabirabad-Padar avtomobil yolunun mühafizə zolağında, Sabirabad və Saatlı rayonlarını içməli su ilə təmin edən magistral su kəmərinin üzərində 252 kv.metr sahədə qeyri-qanuni apardığı tikinti işlərinin dayandırılmasına etiraz edərək 15.04.2025-ci il tarixdə Sabirabad rayon Mədəniyyət Mərkəzinin qarşısında özünü yandırmağa və intihara cəhd etmişdir.
Bununla bağlı məlum edirik ki, R.Mamedzadə Vətən Müharibəsinin iştirakçısı olmasından sui-istifadə edərək 2024-cü ilin sentyabr ayında Surra kəndin ərazisində, Sabirabad-Padar avtomobil yolunun mühafizə zolağında, Sabirabad və Saatlı rayonlarını içməli su ilə təmin edən magistral su kəmərinin üzərində 252 kv.metr sahədə qeyri-qanuni ticarət obyektinin tikintisinə başlamışdır. Qeyri-qanuni tikinti ilə əlaqədar RİH tərəfindən qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülmüş və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin 23.09.2024-cü il tarixli 0859 nömrəli qərarı ilə qeyri-qanuni tikinti işləri dayandırılmışdır. Verilən məlumata görə R.Mamedzadə həmin ərazini Sabirabad şəhər sakininə 20 min manata satmış və tikinti işləri dayandırıldığından həmin şəxs R.Mamedzadədən pullarını tələb etmişdir.
Məlumat üçün bildiririk ki, R.Mamedzadəyə RİH-nin təşəbbüsü ilə 0,24 ha həyətyanı torpaq sahəsi verilmiş, 1,0 ha əkinə yararlı torpaq sahəsi ayrılmışdır. Lakin R.Mamedzadə heç bir səbəb göstərmədən əkinə yararlı torpaq sahəsindən imtina etmişdir. RİH tərəfindən R.Mamedzadəyə müxtəlif vaxtlarda kifayət qədər maddi yardım da edilmiş, 2022-ci ildə isə rayon ərazisində fəaliyyət göstərən pambıq zavodlarından birində işlə təmin olunmuşdur. Lakin 6 ay işlədikdən sonra işə gəlmədən əmək haqqı almaq tələbi irəli sürmüş, buna razılıq verilmədiyindən işdən çıxmışdır.
Qeyd olunanlardan əlavə məlum edirik ki, 2023-cü ildə R.Mamedzadə özünəməşğulluq proqramı çərçivəsində ona verilmiş 3 baş iri buynuzlu mal-qaranı və yemi satmış, sonradan güya mal-qaranın tələf olduğunu iddia etsə də bununla bağlı heç bir sübut və rəsmi sənəd təqdim edə bilməmişdir. R.Mamedzadə işlə təmin olunması ilə bağlı nə rayon İcra Hakimiyyətinə nə də ki, məşğulluq orqanlarına müraciət etməmişdir, baxmayaraq ki, mal-qaranı satdığı üçün o, işsiz kimi qeydiyyata alınmamışdır. R.Məmmədzadənin qeyri-qanuni tikinti aparması üçün anasının adına 15 min manat kredit götürməsi faktı da təsdiqini tapmamışdır. Belə ki, rəsmi sənədlərə əsasən müəllimə işləyən anasının adına iddia etdiyi kimi 15 min manat kredit götürülməmişdir.
Təəssüf hissi ilə qeyd edirik ki, göstərilən diqqət və qayğıya baxmayaraq R.Mamedzadə hələ də öz şəxsi mənafeyi naminə “Müharibə iştirakçısı” adına layiq olmayan hərəkətlər etməkdə davam edir. Belə hərəkətlərinə və digər əməllərinə görə R.Mamedzadə rayonda və xüsusən də yaşadığı kənddə insanlar tərəfindən özünü normal idarə etməyən kimi xarakterizə olunur.
Ümumiyyətlə Sabirabad Rayon İcra Hakimiyyətində digər rayonlarda olduğu kimi ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və müharibə veteranlarına daima diqqət və qayğı göstərilir, onların müraciətinə həssaslıqla yanaşılır. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində mütəmadi olaraq zəruri tədbirlər görülür.