Sabirabad Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin məlumatı
07 fevral 2023-cü il tarixdə “YouTube” portalının “Kanal 14” kanalında yayımlanan video-materialda Sabirabad rayonununun bir qrup şəhid valideynləri onlara lazımi qayğı göstərilmədiyindən və bu günədək Şəhidlər Abidə Kompleksinin tikilmədiyindən şikayətlənmişlər.
Məlumat üçün bildiririk ki, Sabirabad rayonunda tikilməsi nəzərdə tututlmuş Şəhidlər Abidə Kompleksinin layihəsi aidiyyatı dövlət qurumları ilə razılaşdırılmış və rəy alınması üçün Mədəniyyət Nazirliyinə göndərilmişdir.
Yayılmış informasiya ilə bağlı onu da bildiririk ki, RİH başçısı barədə qeyd olunanlar həqiqətdən tamamilə uzaq fikirlərdir, əsassız və qərəzlidir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, şəhid valideynləri İxtiyar Mayılov və Xanbala Əsgərovun video-müraciətlərinin əsas səbəbi hər ikisinə istehlak etdikləri təbii qazın dəyərinin ödənilməsi üçün “Azəriqaz” İB-i tərəfindən borc barədə xəbərdarlıq bildirişi (İ.Mayılov - 486,7 manat, X.Əsgərov - 802,6 manat) olmuşdur. Bir çox şəhid ailəsinin bildirdiyinə görə İxtiyar Mayılov və Xanbala Əsgərov onları da təbii qaza, elektrik enerjisinə olan borcları ödəməməyə çağırır və bütün kommunal xərclərin dövlət tərəfindən ödənilməli olduğunu bildirərək onları qeyri-qanuni hərəkətlərə təhrik edirlər.
Surra kənd sakinləri, şəhid valideynləri Əsgərov Xanbala Balabəg oğlu və onun həyat yoldaşı Əsgərova Şamama Lazımxan qızı şəhid adının əbədləşdirilməsi üçün şəhidin adının Kürkəndi kənd ümumi orta məktəbinə verilməməsini, evlərinin təmir olunmadığını, təbii qaza görə yaranmış borcla bağlı aidiyyatı dövlət qurumu tərəfindən xəbərdarlıq edilmələrini, sabiq ərazi nümayəndəsi Mirhabil Səmidov tərəfindən təhqir olunmaları ilə bağlı müraciətlərinə baxılmadığını bildirmişlər.
Bir daha məlumat üçün bildiririk ki, Əsgərovlar ailəsi evilərinin təmirinə “YAŞAT” Fondu tərəfindən ayrılmış vəsaiti təyinatı üzrə xərcləməyiblər.
Sabirabad şəhərində küçələrdən birinə şəhidin adı verilib, Şəhidin adının qeyd olunan məktəbə verilməsi ilə bağlı rayon İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə müraciət olunub.
X.Əsgərov və İ.Mayılova M.Səmidov tərəfindən təhqir olunmaları ilə bağlı məhkəməyə müraciət etmələri tövsiyyə olunsa da, tutarlı dəlilləri olmadığı üçün onlar məhkəmədə iddia qaldırmaqdan imtina etmişlər.
Şəhid ailələrinə göstərilən diqqət və qayğını aşağıdakı faktlardan da görmək olar:
Şəhid atası X.Əsgərov 2022-ci ildə Sabirabad rayonunda mənzil növbəsinə götürülüb, RİH başçısının təşəbbüsü ilə ailə 4.6 hektar torpaq sahəsi ilə təmin olunub, 2 ildir əkin aparır. Şəhidin atası özünəməşğulluq proqramı çərçivəsində aktivlərlə (mal-qara) təmin olunub, lakin verilən mal-qara satılıb, hazırda araşdırma aparılır. RİH başçısının təşəbbüsü ilə şəhidin atası və anası Surra kənd tam orta məktəbində işlə təmin ediliblər.
Bakı şəhərində qeydiyyatda olan, Surra kəndində yaşayan şəhid atası Mayılov İxtiyar Böyükağa oğlu Axısxa kənd tam orta məktəbində, oğlu isə Sabirabad Suvarma sistemləri idarəsində RİH başçısının təşəbbüsü ilə işlə təmin olunublar. Şəhid atası 2022-ci ildən Səbail rayonunda mənzil növbəsindədir. O, özünəməşğulluq proqramı çərçivəsində aktivlərlə (mal-qara) təmin olunub, verilən mal-qaranı satıb, araşdırma aparılır. RİH başçısının təşəbbüsü ilə şəhidin atası 5 hektar torpaq sahəsi ilə təmin olunub.
Video-müraciətdə işlə təmin olunmadıqlarından və torpaq sahəsi ayrılmadığından şikayətçi olan Qaralar kənd sakinləri Balakişiyev Dadaş Mətləb oğlu və onun həyat yoldaşı Balakişiyeva Bikəxanım Aydın qızı özünəməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmuşlar. RİH başçısının təşəbbüsü ilə Dadaş Balakişiyev 1.5 hektar əkin təyinatlı, 300 kv.metr sahibkarlıq məqsədilə, özü 0.12 hektar həyətyanı, oğlu isə 0.12 hektar həyətyanı torpaq sahəsi ilə təmin edilib. Yerli bələdiyyənin fondundan torpaq sahələri təklif olunsa da, Qaralar kənd İƏD üzrə nümayəndəsinin xüsusi mülkiyyətində olan 5 ha torpaq sahəsinin ailəyə verilməsini tələb edirlər. Şəhid atası 2022-ci ildə Sabirabad rayonunda mənzil növbəsinə götürülüb. Qeyd edək ki, daxili imkanlar hesabına 4000 manat dəyərində şəhid adını əbədiləşdirən “Bulaq” abidə kompleksinə 3 km məsafədə su xətti və 870 metr məsafədən kompleksdə işıqlanma üçün kabel xətti çəkilib.
Qasımbəyli kənd sakini, şəhid atası Musayev Mehman Gəray oğlu da işlə təmin olunmamasından və Sabirabad şəhərində sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılmadığından şikayətlənmişdir.
Bildiririk ki, Mehman Musayev özünəməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmuş, ona sahibkarlıq məqsədi ilə yaşadığı kəndin ərazisindən torpaq sahəsi təklif olunsa da, lakin o imtina etmişdir. RİH başçısının təşəbbüsü ilə M.Musayev 5 hektar əkin təyinatlı torpaq sahəsi ilə təmin olunub, sahə hamarlanmış və şumlanmışdır. O, 2022-ci ildə Sabirabad rayonunda mənzil növbəsinə götürülüb.
Ailəsinə qayğı göstərilmədiyindən şikayətlənən Poladtuğay kənd sakini, şəhid atası Əhmədov Anar Ələsgər oğlu 2021-ci ildə Sabirabad rayonunda mənzil növbəsinə götürülüb, RİH başçısının təşəbbüsü ilə özü “DOST İş Mərkəzi” MMC-də, həyat yoldaşı isə Poladtuğay kənd tam orta məktəbində işlə təmin olunmuş, ailəyə 8 hektar əkin təyinatlı və 0.24 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhid ailəsinə ötən müddət ərzində 37,3 min manatdan çox müxtəlif təyinatlı dövlət ödənişləri həyata keçirilib və maddi yardım göstərilib.
Abşeron rayonu Fatmayı kəndində yaşayan, şəhid anası Bahadurova Zeynab Yahya qızı oğluna iş verilməməsini və mənzillə təmin edilmədiyini bildirmişdir.
Zeynab Bahadurovanın oğlunun Abşeron rayonunda işlə təmin olunması Sabirabad RİH-nin səlahiyyətləri xaricindədir. Şəhid anası hazırda Respublika Kliniki Xəstəxanasında tibb bacısı işləyir. Şəhidin atası 2022-ci ildə Abşeron rayonunda mənzil növbəsinə götürülüb və o “DOST İş Mərkəzi” MMC-nin xətti ilə işlə təmin olunub.
Ümumiyyətlə Sabirabad Rayon İcra Hakimiyyətində Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvlərinə, qazi və müharibə veteranlarına daima diqqət və qayğı göstərilir, onların müraciətinə həssaslıqla yanaşılır. Belə ki, ötən müddət ərzində rayon İcra Hakimiyyətinə müraciət etmiş Vətən müharibəsində şəhid olmuş döyüşçülərimizin ailə üzvləri, qazi və müharibə veteranlarının əksər çoxluğu müvafiq işlə təmin olunmuş və ya özünəməşğulluq proqramına cəlb olunmaqlarına yaxından köməklik göstərilmişdir. Həmçinin bu kateqoriadan olan vətəndaşlarımızın sosial problemlərinin həlli istiqamətində zəruri tədbirlər həyata keçirilir. Eyni zamanda şəhid ailələri, qazilər və müharibə veteranları rayon İcra Hakimiyyətində növbədən kənar qəbul olunur və müraciətləri əsasında mövcud qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlər görülür.