Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Yaxa Dəllək kəndində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Yaxa Dəllək kənd tam orta məktəbində Minbaşı kənd inzibati ərazi dairəsinə daxil olan Minbaşı, Qaraağac, Yaxa Dəllək və Beşdəli kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qəbul başlamazdan öncə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayon sakinləri adından 06.02.2023-cü il tarixdə Türkiyə Respublikasında baş vermiş dağıdıcı zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və böyük dağıntılara görə qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı vermiş, zəlzələ qurbanlarının, eləcə də şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Həmçinin RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Aidə Hüseynova, Gülay Əliyeva və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.