Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Güdəcühür kəndində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Güdəcühür kənd Folklor evində Güdəcühür kənd inzibati ərazi dairəsinə daxil olan Güdəcühür, Axtaçı Muğan və Qaratuğay kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon Icra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
RİH başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq, abadlıq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı məlumat vermişdir.
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Qürbət Məlikov, Fərhad Rəsulov, Qismət Əkbərov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.