Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Qaratəpə kəndində keçirilmişdir

06 noyabr 2023 | 11:29

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Qaratəpə kənd tam orta məktəbində Qaratəpə kənd inzibati ərazi dairəsinə daxil olan Qaratəpə və Nərimankənd kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Qəbuldan öncə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda, o cümlədən 19-20 sentyabr 2023-cü il tarixində keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbirdə çıxış edərək bildirmişdir ki, 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı Şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər qalmaqda davam etmişdir. Azərbaycan dövlətinin dəfələrlə Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən torpaqlarımızda yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymuşdur. Müxtəlif dövlət qurumlarının işğaldan azad edilən Qarabağ torpaqlarında çalışan işçilərinin, həmçinin onların təhlükəsizliyini qoruyan qəhrəman polislərimizin erməni silahlı birləşmələrinin mina terroruna məruz qalması insanlarımızın böyük hiddətinə səbəb olmuşdur. Belə bir məqamda Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və xüsusilə bu ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın Şanlı Ordusu bölgədə lokal xarakterli antiterror əməliyyatlarına başlamışdır.

Rayon rəhbəri qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə böyük qələbələrə imza atan yenilməz Azərbaycan Ordusu daha böyük bir missiyanı – ölkəmizin Qarabağ iqtisadi rayonunda keçirdiyi antiterror tədbirlərini uğurla başa çatdıraraq separatçıları təslim olmağa məcbur etdi. Bu, bir daha Ordumuzun gücünü, qüdrətini göstərdi. Sübut etdi ki, Azərbaycanın əsgər və zabitləri istənilən tapşırığı qələbə ilə yekunlaşdırmağa qadirdir. Bu, bütövlükdə Azərbaycan xalqının qələbəsidir. Xalqımız həmişəki kimi, bir oldu, bütöv oldu, dəmir yumruğa dönərək Prezidentinin ətrafında birləşdi və göstərdi ki, güc birlikdədir.

Səyyar görüş-qəbulda çıxış edən Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, 1 dərəcə Əmək ordenli Fatma Hüseynova, Milli Qəhrəman Mübariz Əhmədovun bacısı Səadət Əhmədova və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.

Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.

Keçidlər