Sabirabad Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş-qəbulu Kovlar kəndində keçirilmişdir
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun Kovlar kənd tam orta məktəbində Quruzma kənd inzibati ərazi dairəsinə daxil olan Quruzma, Qəzli, Kovlar, Yenikənd və Qaraqaşlı kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Qəbuldan öncə 19 sentyabr 2023-cü il tarixdə Azərbaycanın Qarabağ bölgəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən törədilən terror nəticəsində həlak olmuş mülki vətəndaşlarımızın və polis əməkdaşlarının, eləcə də Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbirdə çıxış edərək bildirmişdir ki, 44 günlük Vətən müharibəsində qəhrəman ordumuzun qazandığı Şanlı Zəfərdən sonra Ermənistanın imzaladığı kapitulyasiya aktında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünə yönəlik təhdidlər qalmaqda davam etmişdir. Azərbaycan dövlətinin dəfələrlə Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, təxirəsalınmadan sülh müqaviləsinin imzalanması müraciətləri Ermənistan tərəfindən müxtəlif bəhanələrlə rədd edilmişdir. Son günlər Qarabağ bölgəsində hələ də qalmaqda davam edən erməni silahlı birləşmələrinin ordumuza və işğaldan azad edilən torpaqlarımızda yaşayan və fəaliyyət göstərən Azərbaycan vətəndaşlarına qarşı intensiv şəkildə həyata keçirdiyi təxribatlar günahsız vətəndaşlarımızın həyatına son qoymuşdur. Müxtəlif dövlət qurumlarının işğaldan azad edilən Qarabağ torpaqlarında çalışan işçilərinin, həmçinin onların təhlükəsizliyini qoruyan qəhrəman polislərimizin erməni silahlı birləşmələrinin mina terroruna məruz qalması insanlarımızın böyük hiddətinə səbəb olmuşdur. Belə bir məqamda Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi və xüsusilə bu ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Azərbaycanın Şanlı Ordusu bölgədə lokal xarakterli antiterror əməliyyatlarına başlamışdır. Bu şərəfli missiyada Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və qəhrəman Ordumuza uğurlar və zəfər arzulayırıq!
Səyyar görüş-qəbulda çıxış edən kənd sakinlərindən Qurban Əsgərov, Bəyalı Muradov, Mirəziz Talıbov və başqaları kəndlərinin mövcud problemlərindən danışmışlar.
Görüş-qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapıb, digər məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı təşkilatların rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər vermişdir.